Azərbaycanda 2020-ci ildə qeyri-neft sektorundan aksiz daxilolmaları 397,2 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 18 dəfə çox olub. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, 2017-ci ildə bu göstərici 22,4 mln. manat olub: “Aksizli məhsullar sahəsində şəffaflaşma gəlirlərin leqallaşdırılması və daxilolmaların artımı ilə nəticələnir”.
“Büdcənin təminatında aksiz vergi...”
Qeyri-neft sektoruna aksiz daxilolmaların ölkə iqtisadiyyatına təsiri haqqında danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, ölkənin vergi siyasətində çox böyük islahatlar həyata keçirildi: “Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik tətbiq edildi. Vergi sektorunda görülən işlərin nəticəsidir ki, vergi daxilolmaları yüksək olub. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə ölkədə karantin rejimi müşahidə edildi. Pandemiya dövrü olmasına baxmayaraq, ötən il vergi daxilolmaları proqnozlaşdırılandan da artıq olub. Xüsusilə qeyd edim ki, aksiz verginin həcminin artması halı qeydə alındı. Məlumat üçün bildirim ki, aksiz vergi daxilolmasının büdcəyə müsbət təsiri var. Nəzərə almaq lazımdır ki, büdcənin təminatında aksiz vergi daxilolmasının əhəmiyyəti olduqca böyükdür. Həyata keçirilən islahatların nəticəsidir ki, qeyd olunan vergi növü üzrə də dövlət büdcəsinə mədaxildə artım qeydə alınıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vergi daxilolmalarının artması üçün stimullaşdırıcı addımların atılmasına ehtiyac var: “Düzdür, bu sahədə çoxlu sayda iş görülür. Hökumət tərəfindən lazımi işlər görülməkdə davam edir. Ehtimal edilir ki, qarşıdakı illərdə aksiz vergi daxilolmaları və digər vergi növləri üzrə artım qeydə alınacaq”.
Günel CƏLİLOVA