Son günlər mağazalarda qiymət artımı qeydə alınır. Qiymət artımı bir çox ərzaq növündə müşahidə edilir. Mağaza və bazarlarda qiymət artımının qeydə alınması əhali arasında narahatlığa səbəb olub.
Əhalinin narahatlığına səbəb qeydə alınan qiymət artımının dolların məzənnəsi ilə bağlılığıdır. Belə ki, bəzi şəxslər düşünürlər ki, qiymət artımı xarici valyutanın, xüsusilə də dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq.
Həmçinin, Co Bayden ABŞ-ın 46-cı prezidenti seçildikdən sonra ölkə iqtisadiyyatına 1,4 trilyon dollar yardım planı dünyada iqtisadi canlanma yaradıb. Bu da dolların bahalaşmasına təsir göstərə bilər. Qeyd edək ki, dolların bahalaşması ilə bağlı əhali arasında panika yaranıb. Ancaq ekspertlər əhalini panikaya düşməməyə çağırırlar.
Maraqlıdır, yaxın dövr ərzində dolların məzənnəsində dəyişiklik gözlənilirmi? Bu tip suallarımıza cavab tapmaq məqsədilə bank sahəsi üzrə ekspert Əkrəm Həsənova müraciət etdik.
Ə.Həsənov qeyd etdi ki, yaxın aylar ərzində dolların bahalaşması gözlənilmir: “Hazırda dolların bahalaşması ehtimalı çox aşağıdır. Ona görə ki, neftin qiyməti yüksək olaraq qalır. Ancaq dünyada isə dolların ucuzlaşması gözlənir. Onu da qeyd edim ki, dolların məzənnəsi ilə bağlı dünyada gedən proseslərin ölkəmizə təsiri olmayacaq. Nəzərə almaq lazımdır ki, dövlət müəyyən xərclərini Tarif Şurasının qaldırdığı qiymətlər hesabına təmin edir. Söhbət suyun, benzinin və dizelin qiymətindən gedir. Hazırda dövlətin də buna ehtiyacı yoxdur. Məlumat üçün bildirim ki, yaxın 6 ayda Azərbaycanda dolların bahalaşması gözlənilmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qiymət bahalaşması, adətən, bazarda təklifin azalması və ya tələbatın artması ilə ola bilər.
Günel CƏLİLOVA