Açıqlanan statistik rəqəmlərə əsasən, bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı illik müqayisədə 45,2 min nəfər və yaxud 2,7 faiz artaraq 1 691,8 min nəfər olub, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2020-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11,4% artaraq 707,3 manat təşkil edib. Məlumat üçün bildirək ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Qeyd edək ki, pandemiya dövrü olmasına baxmayaraq, əməkhaqqı 11 faiz artıb.
“Azərbaycan iqtisadiyyatının davamlı inkişafı maaş artımı ilə müşahidə olunur”
Əməkhaqlarının artması barədə fikir bildirən iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, maaşların artırılması üzrə planlamalar gedir. Minimum əməkhaqqının artırılması önümüzdəki illər üçün nəzərdə tutulub: “Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı maaş artımı ilə müşahidə olunur. Son illər bir sıra sahələrdə əməkhaqları artıb. Məlumdur ki, bir ilə yaxındır ki, ölkədə karantin rejimi müşahidə edilir. O da məlumdur ki, əksər ölkədə pandemiya ilə bağlı olaraq ya əməkhaqları azalıb, ya da iş yerləri bağlanıb. Ancaq Azərbaycanda bu hallar yaşanmadı. İş yerlərinin fəaliyyəti dayandırılmadı, əksinə, yeni iş yerləri açıldı. Sahibkarlıqla məşğul olanlara dövlət tərəfindən dəstək göstərilməkdə davam edir. Bununla yanaşı, əməkhaqlarında azalma deyil, artım qeydə alındı. Əməkhaqlarında artım qarşıdakı illərdə də müşahidə ediləcək. Bu istiqamətdə lazımi işlər görülür”.
Günel CƏLİLOVA