“Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
Nazir bildirib ki, 2020-ci il ərzində onların sayı 24 faizdən çox artaraq, 616 mini ötüb. O əlavə edib ki, aktiv ƏDV ödəyicilərinin sayında 17 faizdən çox artım olub.
Qeyd edək ki, pandemiya dövründə aktiv vergi ödəyicilərinin sayı ötən illərlə müqayisədə artıb.
“...vergi və sosial sığorta yükünün azaldılması...”
Aktiv vergi ödəyicilərinin sayının artması ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev qeyd etdi ki, pandemiya bütün ölkələrdə yeni iqtisadi şərait formalaşdırıb və əlbəttə, yeni iqtisadi şəraitdə özünəməxsus yeni iqtisadi münasibətlər də yaranır. Bu baxımdan hər ölkə özünün iqtisadi qüdrəti və imkanları, bəzi hallarda isə xarici yardım və dəstək hesabına fiskal cavab tədbirləri görür.
Azərbaycan da özünün iqtisadi siyasəti çərçivəsində və daxili imkanları hesabına neqativ təsirlər üzrə minimizəedici cavab tədbirləri görür. Artıq kiçik və orta sahibkarlar da daxil olmaqla sahibkarlığa ümumi dəstək tədbirləri icra edilib. Eyni zamanda, bu tədbirlərin davamı olaraq, sahibkarlıq subyektlərinin vergi və sosial sığorta yükünün azaldılması üzrə əlavə tədbirlərin görülməsi qərara alınıb.
Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiya dövründə aktiv vergi ödəyicilərinin sayının artması karantin rejimində sahibkarlara göstərilən qayğı ilə bağlıdır. Həmçinin, bu müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da dövlət dəstəyinin göstərilməsi vergi ödəyicilərinin sayının artmasına səbəb olub.
Günel CƏLİLOVA