Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda, ümumilikdə, 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb. Bu barədə Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, həmin məbləğdən 37 milyon 535 min manatın yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
Büdcə təşkilatlarında aparılan yoxlama zamanı 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişin nəyin hesabını baş verdiyini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
“Büdcə təşkilatlarında əsassız ödənişlərin qeydə alınmasının səbəbi tenderlərin qeyri-şəffaf keçirilməsi...”
İqtisadçı-ekspert Natiq Cəfərli qəzetimizə açıqlamasında qeyd etdi ki, satınalmalarla bağlı qiymətin şişirdilməsi halı hələ də müşahidə edilir. Bunun da səbəbi qeyd olunan sahədə ciddi nəzarət mexanizminin olmamasıdır: “Bu kimi hallar izafi xərclərin yaranmasına səbəb olur. Zənnimcə, real mənzərə daha böyükdür. Büdcə təşkilatlarında aparılan yoxlamalarda, ümumilikdə, 89 milyon 240 min manat deyil, daha artıq məbləğdə əsassız ödənişlər qeydə alınır”.
Həmsöhbətimiz hesab edir ki, büdcə təşkilatlarında əsassız ödənişlərin qeydə alınmasının səbəbi tenderlərin qeyri-şəffaf keçirilməsi, satınalmaların düzgün aparılmaması, qiymətlərin şişirdilməsidir. Nəticədə isə dövlət büdcəsindən əlavə vəsaitin mənimsənilməsi və ya xərclənməsi baş verir. Bu kimi hadisələrin qarşısını almaq üçün aidiyyəti qurumların və hüquq-mühafizə orqanlarının xətti ilə daha ciddi nəzarət mexanizmi tətbiq edilməlidir. Bununla yanaşı, ictimai nəzarət də bu məsələdə aktiv olmalıdır. Xüsusən də vətəndaş cəmiyyəti, media təmsilçiləri zaman-zaman bu məsələni qaldırırlar, ancaq rəsmi qurumlar bu məsələni təkzib edirlər. Yaxşı olar ki, dövlət orqanları bu məsələdə öz üzərinə düşən işi layiqincə yerinə yetirsinlər”.
Günel CƏLİLOVA