Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı məsələlərə baxılıb.
İclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair yekun protokolun hazırlanması qaydası təsdiq edilib.
Daha sonra həmin seçki dairəsi üzrə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılaraq təsdiqlənib.
MSK sədri Məzahir Pənahov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak üçün 6 nəfər müraciət edib.
Onun sözlərinə görə, namizədlərdən ikisi siyasi partiyalardan, dördü isə müstəqildir. Belə ki, siyasi partiyaları təmsil edən namizədlərdən biri Yeni Azərbaycan Partiyası, digəri isə Ümid Partiyasından müraciət edib.