Qırğızıstanda ötən həftə baş verən sürüşmə nəticəsində bir kəndin 15 evi yerin təkinə gedib və nəticədə 15 yaşlı bir yeniyetmə də həyatını itirib, iki nəfər isə son anda həmkəndliləri tərəfindən xilas olunub.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, hazırda faciənin baş verdiyi Almalı Bulaq kəndindən əhalinin təcili köçürülməsinə start verilib. 73 ailənin köçürülməsinə FHN rəhbəri Kubatbek Boronovun ölkənin baş naziri Sooronbay Jeenbekovla görüşündən sonra başlanıb. FHN başçısı görüş zamanı baş nazirə deyib ki, Suzak rayonunda güclü yağışların davam etməsi sürüşmə təhlükəsini gündəmdə saxlayır. Baş nazir isə, öz növbəsində, əhalinin təhlükəsizliyinin təmini üçün evakuasiyanı münasib görüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, köçürülən əhaliyə torpaq sahələri verilib və ev tikmək üçün kompensasiya ödənilir.