Mütəmadi olaraq erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində ağır artilleriya zərbələri altında qalan Ağdamın Qaradağlı kəndində son günlər 36 evə ciddi ziyan dəyib ki, onlardan 5-i tam dağıdılıb. Trend-in xüsusi müxbiri hadisə yerindən fotoları təqdim edir.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət bir qrup ermənilərin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində olub. Jurnalistlər kənddə ermənilərin ağır artilleriya zərbələrindən dağılmış evlərə baxış keçiriblər. Onlar ziyan çəkən kənd sakinləri ilə də görüşüblər.
Xarici və yerli media nümayəndələrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı müşayiət edib.