Xarici və yerli media təmsilçilərinin cəbhə bölgəsinə səfəri başlayıb. APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə Bərdə rayonuna gəliblər.
Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Reuters”, "Bloomberg”, "France-Presse”, "RİA Novosti”, "Anadolu”, TRT, İHA, "Cihan", "Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.
Jurnalistlər öncə Bərdə Diaqnostika Mərkəzində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.
Xarici və yerli media təmsilçiləri Ağdam rayonunda erməni silahlı bölmələrinin artilleriya atəşləri nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüblər.
Həlak olanların yaxınları baş verənlərin mülki əhaliyə qarşı törədilən cinayət olduğunu deyiblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, bütün bunlar Ermənistanın hərbi-kriminal rəhbərliyinin törətdiyi cinayət əməlləridir: "Bu cinayətlərə hüquqi qiymət veriləcək”.
Media təmsilçiləri aprelin 2-də ermənilərin atəşi nəticəsində dağılan Sarıcalı kənd orta məktəbində də olublar.
Media təmsilçiləri Ağdam rayonunun Mahrızlı kəndində ermənilərin atdığı mərmi nəticəsində yanaraq yararsız hala düşən evdə olublar. Kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.
Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb.
Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib.
Ermənilər Azərbaycanın bir neçə mülki vətəndaşını ağır yaralayıblar
Aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. Trend-in xüsusi müxbirinin Bərdədən verdiyi məlumata görə, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov xarici və yerli media jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan 2-si rayonun Çəmənli, biri Qaradağlı kəndinin sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, qapalı kəllə beyin travması və baş beyin silkələnməsi zədəsi alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıydılmış yaralar müşahidə edilir".
1986-cı il təvəllüdlü Çəmənli kənd sakini Zahid Rəhimov kəllə-beyin travması - kontuziya alıb.
1984-cü il təvəllüdlü Çəmənli kənd sakini Anar Abdullayev və 1985-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elgiz Qarayev isə qəlpə yarası alıblar.
Aprelin 28-də erməni silahlı birləşmələrinin Ağdamı ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bunlar Çəmənli kənd sakinləri 1967-ci il təvəllüdlü Məmmədov Adil Muslu oğlu, 1996-cı il təvəllüdlü Qaraşova Şəbnəm Səyyad qızı və 1978-ci il təvəllüdlü Elnur Məmmədovdur. Yaralıların ikisi qəlpə yarası alıb. Hazırda yaralıların vəziyyətləri sabitdir, həyatı təhlükə yoxdur.
Ermənilər Ağdamda məktəbləri də atəşə tuturlar
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, Azərbaycanın dinc əhalisi Ermənistanın təcavüzündən əziyyət çəkir: "Gördüyünüz kimi, mülki insanlar yaralanıb, həlak olanlarımız da var".
R.Məmmədov qeyd edib ki, Ermənistanın son günlər evlərə raket zərbələri endirməsi nəticəsində 91 ev dağılıb: "Onlardan 16 ev tam yararsız vəziyyətə düşüb. Kütləvi surətdə iri və xırda buynuzlu mal-qara tələf olub. İnsanlar ermənilərin bu təcavüzü səbəbindən gündəlik işlə məşğul ola, tarlalarda çalışa bilmirlər. Çünki düşmən tərəfindən atəşə tutulur. Təmas xəttindəki kəndlərdə bir neçə yerdə sığınacaqlar yaradılıb, ictimai binaların zirzəmiləri sığınacaq kimi hazırlanıb. Həmçinin mühafizə qrupları yaradılıb, onlar polislə birgə mühafizəni həyata keçirirlər. Vəziyyətin gərgin olmasına baxmayaraq, insanlarda böyük ruh yüksəkliyi var, istənilən vaxt döyüşə atılmağa hazırdırlar və hər kəs istəyir ki, ermənilərlə döyüşərək torpaqları geri alsın. Bütün dünya bilməlidir ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Çəkilməyəcəklərsə, bu millət son damla qanına qədər döyüşüb düşməni öz yerində oturdacaq".
Dağılmış evlərin təmiri ilə bağlı icra başçısı bildirib ki, həmin ərazilərdə layihələndirmə və qiymətləndirmə işləri aparılır. Qısa müddətdə dağılmış evlərin bərpasına başlanacaq.
İcra başçısının müavini Ağa Zeynalov isə Trend-ə bildirib ki, Ağdamda cəbhə xəttinə yaxın kəndlərdə orta məktəblər fəaliyyətini dayandırıb: "Hazırda ermənilərin mülki şəxsləri intensiv atəşə tutması nəticəsində əhali bir yerə, o cümlədən məktəbə toplaşa bilmir. Çünki hər an erməni hərbi birləşmələri təmas xəttində yerləşən kəndləri intensiv atəşə tuturlar".
A.Zeynalov əlavə edib ki, hazırda 2 apreldə dağılmış Sarıcalı kənd orta məktəbi təmir olunur: "Yaxın zamanlarda bərpa işləri başa çatacaq".
Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda 76 evə ziyan dəyib
Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov isə bildirib ki, son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.
İcra başçısının müavini qeyd edib ki, həmin evlərin 14-ü tamamilə yararsız hala düşüb.
Qeyd edək ki, son günlər ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ermənilər əsasən, dinc əhalini hədəfə alıblar.
Ermənilər Ağcabədi ərazisinə 100-ə yaxın mərmi atıb
Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonunun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb. AZƏRTAC-ın məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib.
Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.
Yaralı Ağdam sakini: "Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tuturlar”
Aprelin 27-dən 28-ə keçən gecə Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun Qaradağlı kəndində ağır yaralanan kənd sakini Elgiz Qarayev deyir ki, ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur. O deyib ki, düşmən Azərbaycanın təmas xəttində yerləşən kəndlərini daim hədəfə alıb: "Kəndimiz ermənilər tərəfindən qəfil atəşə tutuldu, erməni tərəfi Azərbaycan tərəfində mülki şəxsləri qrad, top, minaatan və raketlərdən atəşə tutdu. Mülki əhalini və evləri mütəmadi atəşə tuturlar. Erməni tərəfi atəşkəsə heç vaxt riayət etmir. Biz mülki şəxslər ermənilərin hədəfinə çevrilmişik. Buna son qoyulmalıdır".
Yaralı Ağdam sakini: "Ermənilər nə qədər atəş açsa da doğma torpaqlarımızı tərk etməyəcəyik”
Ermənilər gözlənilmədən toplardan, qradlardan və raketlərdən mülki əhaliyə atəş açmağa başlayıblar. Bunun nəticəsində Ağdam sakini 1978-ci il təvəllüdlü Elnur Məmmədov yaralanıb. E.Məmmədov bildirib: "Mərmilərdən biri biz olduğumuz yerin yaxınlığına düşdü və mən qəlpə yarası aldım. Öz yerimizdən heç bir yerə gedən deyilik, ermənilər nə qədər atəş açsa da doğma torpaqlarımızı tərk etməyəcəyik".
Azərbaycan Ordusuna gücü çata bilməyən erməni hərbi birləşmələri dinc əhaliyə silah tətbiq edir
Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində həlak olan Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlunun qohumu Əhməd Əhmədov isə deyir ki, Azərbaycan Ordusuna gücü çata bilməyən erməni hərbi birləşmələri dinc əhaliyə silah tətbiq edirlər.
O bildirib ki, həlak olan dinc sakinlərin hər ikisi eyni mərminin partlaması nəticəsində həyatlarını itirib: "Yaxınlıqlarına mərmi düşüb və onlar həlak olublar. Ermənilər mülki əhalini hədəf seçiblər, silahsız əhaliyə silah tətbiq edir. Ermənilərin cürəti çatmır ki, bizim ordu ilə qarşılaşsın. Ona görə də mülki əhalini hədəf seçirlər. Əgər Qarabağla bağlı danışıqlar belə fəsadlarla davam edəcəksə, biz bu danışıqlara yox deyirik. Əgər həqiqiətən danışıqlar gedirsə, bu cür hadisələr olmamalıdır. Biz hər birimiz Ali Baş Komandanın əmr verəcəyi təqdirdə döyüşə getməyə hazılrıq. Heç vaxt öz torpaqlıarımızı tərk etməyəcəyik. Son vaxtlar ermnənilər həddindən artıq azğınlaşıblar".
"Ağdamda erməni atəşindən dağılmış məktəb binasının təmirinə başlanıb”
Aprelin 2-də erməni silahlı birləşmələrinin ağır artilleriyalardan atəş açması nəticəsində dağılmış Ağdam rayonu Sarıcalı kənd orta məktəb binasının təmirinə başlanıb. Bu barədə jurnalistlərə adıçəkilən məktəbin direktoru Aybəniz Məhərrəmova bildirib.
O, qeyd edib ki, yaxın vaxtlarda təmir işlərə başa çatacaq və məktəb istifadəyə veriləcək.
Hikmət Hacıyev: "Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı cinayət törədib”
"Ermənistan Respublikası hümanitar hüququ pozaraq Azərbaycanın mülki əhalisinə qarşı cinayət törədib”. Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib: "Ermənistan hümanitar hüququ pozaraq son günlər dinc sakinlərə qarşı cinayət əməlləri törədib. Buna görə də Ermənistan Respublikasl və onun rəhbərliyi buna görə bilavasitə məsuliyyət daşıyır".