Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini ölüb, daha 7 nəfər isə yaralanıb. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.
Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Hüseynov Əli Müseyib oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfəndili kənd sakini, Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zənguşalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralananlardan iki nəfərin vəziyyəti ağırdır. Onlar 1966-cı il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.
Ağır kəllə beyin travması (kantuziya zədəsi) alan şəxs icra nümayəndəsinin məsul işçisidir. Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, rayonun Zənguşalı kənd sakini, 1963-cü il təvəllüdlü İmanov Məhəmmədəli Soltan oğlu ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır kəllə beyin travması( kantuziya zədəsi) alıb. O, Ağdamın Mahrızlı kənd icra nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır. Yaralı hazırda Ağdam rayon Mərkəz Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Ağdam…
Ötən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda ziyan çəkmiş fərdi yaşayış evi və obyektlərin sayı artır. İlkin dəqiqləşdirmələrə görə, ötən gecə Ağdamda 84 evə ciddi ziyan dəyib. Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində ev və təssərrüfatlara ciddi ziyan dəyib: "Hazırda dəqiqləşdirmələr davam etdirilir. İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 evin ciddi zədələndiyi barədə məlumat alsaq da, həmin kənddə daha çox evə ziyan dəydiyi güman edilir. Hazırda Çəmənli kəndində həlak olmuş kənd sakininin dəfni ilə əlaqədar bu kəndə dəymiş ziyanı müəyyənləşdirmək hələlik mümkün olmayıb. Günün sonuna kimi bu məlumatları dəqiqləşdirməyə çalışacağıq. Həmin kənddə hələ ki 1 evin tam dağıldığı, 1 avtomobilin yararsız vəziyyətə düşdüyü deyilir".
İcra başçısı deyib ki, səhər saatlarında Qaradağlı kəndində 27 evin ciddi zədələndiyi barədə məlumat olsa da, hazırki dəqiqləşdirmələrə görə həmin evlərin sayı 36-dır, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 evə ziyan dəydiyi bildirilirdi ki, hazırda bu rəqəm də 16-dır: "Bunlardan 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Bundan başqa, rayonun Əfətli kəndində 21 ev ziyan çəkib, iki ev tam dağılıb. Hazırda bununla bağlı kəndlərdə araşdırmalar davam etdirilir".
Tərtər…
Ermənilər ötən gecə Tərtər rayonunda yalnız mülki əhalinin kompakt yerləşdiyi əraziləri iriçaplı silah və artilleriya atəşinə tutublar. Bunu isə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri şəhərin mərkəzini və təmas xəttindəki kəndlərdə mülki şəxsləri hədəfə alıb: "Mülki əhali həm iriçaplı silahlardan, həm 120 mm minaatanlardan, həm də ağır artilleriyalardan atəşə tutulub. Dünən 11 yaşayış məntəqəsi və şəhərin mərkəzi atəşə tutuldu. Nəticədə 58 ev, 1 orta məktəb və digər inzibati binalar ciddi zədələnib. Ümumiyyətlə, aprel ayı ərzində Tərtərdə ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində 256 ev və inzibati binalara ciddi ziyan dəyib. Ermənilər əsasən dinc sakinlərin məskunlaşdığı əraziləri atəşə tuturlar. Tərtərə və kəndlərə əsasən Ağdərə istiqamətindən atəş açılır".
M.Məmmədov bildirib ki, aprel ayı ərzində Tərtərdə 3 nəfər dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub, 7 nəfər isə yaralanıb. Yaralıların içərisində yaşlı insanlar, qadın və 13 yaşlı uşaq da var".
M.Məmmədov deyib ki, ermənilər həmçinin Tərtər rayonunun kəndlərini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasına da atəş açıblar: "Nəticədə 20 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Artıq kəndlərə elektrik enerjisinin verilməsi təmin edilib. Ötən gecə şəhərin 6 saylı orta məktəbinin həyətinə də iki "qrad" mərmisi düşüb və orta məktəb iriçaplı silahlardan atəşə tutulub. Hadisə gecə saatlarında baş verdiyindən orta məktəbdə heç kim olmayıb".
Ağcabədiyə 100-dək mərmi düşüb
Ötən gecə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna da 100-dək mərmi düşüb (APA). Bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib. Mərmilərdən 50-nin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan İH başçısı 35 həyətyanı sahəyə mərmi düşməsi nəticəsində 19 evin yararsız hala düşdüyünü deyib.
Həmin evlərdən biri tamilə yanıb.
Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb.
Müdafiə Nazirliyi ermənilərin birmənalı olaraq mülki əhalini hədəf aldığını bəyan etdi
Ermənilərin dinc sakinlərə hücumu ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayıb. Bildirilir ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb. Məlumatda bildirilir ki, ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub: "Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".