Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri qəbul edib.
Dövlətimizin başçısı İran İslam Respublikasının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda yüksək səviyyədə təmsil olunmasından məmnun olduğunu dedi və bunu dostluğumuzun növbəti göstəricisi kimi qiymətləndirdi. Son vaxtlar İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin ölkəmizə səfər etdiklərini vurğulayan Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə bu yaxınlarda İstanbuldakı görüşünü də məmnunluqla xatırlayaraq bildirdi ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasını göstərir. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.