Ötən gecə erməni silahlı birləşmələri Ağdam rayonunun da təmas xəttində yerləşən ərazilərini atəşə tutub. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Təzəkənd kəndinə mərmi düşüb. Mərmi boş sahəyə düşdüyündən ciddi dağıntı və tələfat olmayıb.
R.Məmmədov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin tutarlı cavabı nəticəsində düşmən susmaq məcburiyyətində qalıb. Hazırda rayon ərazisində sabitlikdir.
Erməni silahlı birləşmələrinin Tərtər rayonunu da ağır artilleriyalardan atəşə tutması nəticəsində bir neçə kəndə ziyan dəyib. Bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin atdığı mərmilərdən biri İsmayılbəyli kəndində 35/10 kilovatlıq elektrik yarımstansiyasında partlayıb: "Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kəndə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır və artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq".
Hadisə nəticəsində bir neçə kənddə 8 mənzilə də ciddi ziyan dəydiyini deyən icra başçısı bildirib ki, onlardan 5 ev və bir mal tövləsi tamamilə dağılıb: "Yuxarı Qapanlı kəndində 1 ev, Əskipara kəndində 3 ev, Seyidimli kəndində isə Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin evi və mal tövləsi dağılıb".