ABŞ HHQ-nin general-mayoru Piter Girsten bəyan edib ki, "İslam dövləti” terrorçu təşkilatı ciddi maliyyə çətinliyilə üzləşib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, hərbçi bildirib ki, təşkilat xarici muzdlularına əməkhaqqı verə bilmir.
General-mayorun sözlərinə görə, nəticədə terrorçular arasında ruh düşkünlüyü yaranır. Bunun da sonucu olaraq onlar qaçqın adı altında, hətta qadın paltarı geyərək təşkilatı tərk edib ölkədən çıxmağa çalışırlar. Bundan əlavə, xaricdən terrorçu təşkilata qoşulmaq üçün gələnlərin də sayında əhəmiyyətli sayda azalma qeydə alınır. Belə ki, ötən illərdə belələrinin sayı 1500-2000 arası dəyərləndirilsə də, hazırda bu rəqəm 200-ü keçmir.
BMT-də isə bildirirlər ki, Təhlükəsizlik Şurasının terrorçuların maliyyələşdirilməsini qadağan edən qətnaməsinə baxmayaraq, neft ticarəti "İslam dövləti”nin əsas gəlir mənbəyi olaraq qalır və təşkilat neft satışını davam etdirir. Eyni zamanda o da bildirilir ki, İŞİD girovların qaytarılması, arxeoloji qazıntı yerlərinin talanması və daxili ianələr hesabına da xeyli gəlir əldə edir.