Ziddiyyətli açıqlamalar Ermənistan rejiminin təşviş və çaşqınlıq içində olduğunu göstərir. Bunu Trend-ə Ermənistan rəhbərliyinin danışıqları şübhə altına alan açıqlamalarına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, son günlər ərzində Ermənistan tərəfinin verdiyi açıqlamalar məntiqsiz və biri digərinə zidd xarakter daşıyır: "Bir tərəfdən, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu, digər tərəfdən isə danışıqlardan imtina etdiyini bildirir. Bu kimi ziddiyyətli və bir-birini inkar edən açıqlamalar Ermənistan rejiminin təşviş və çaşqınlıq şəraitində olmasına dəlalət edir. Bu davranış onu da göstərir ki, Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq yolu ilə münaqişənin həllinə imkan verməmək və işğala əsaslanan mövcud status-kvonu davam etdirməkdən ibarətdir".