Sertifikasiya imtahanlarının hər iki cəhdində uğursuz nəticə göstərən ümumilikdə 9 min 334 müəllimin əmək müqaviləsi ləğv edilib. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən hesabat tədbirində bildirib.
Nazirin sözlərinə görə, ümumilikdə 91 min 407 müəllim sertifikatlaşdırma prosesini müvəffəqiyyətlə başa vurub. İmtahan nəticələrinə əsasən, 60 min 818 müəllimin əməkhaqqına 10 faiz, daha yüksək göstərici əldə edən 30 min 590 müəllimin maaşına isə 35 faiz əlavə edilib. Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma prosesi 2022-ci ildə başlayıb və test, müsahibə olmaqla iki mərhələdən ibarətdir. Bu prosesi müvəffəqiyyətlə başa vuran müəllimlərin maaşlarına 10 faizdən 35 faizədək əlavə edilir. Artıq bütün müəllimlər 2022–2026-cı illəri əhatə edən sertifikatlaşdırma imtahanlarını başa vurublar. Emin Əmrullayev isə deyib ki, 20 min "tamştatlı müəllim" vəzifəsi yaradılır. Nazirin sözlərinə görə, sertifikatlaşdırma prosesinin növbəti mərhələsində bütövlükdə 115 min müəllimin cəlb olunması planlaşdırılır. İmtahanların nəticələrinə uyğun olaraq müəllim heyəti üçün tamamilə yeni kateqoriyalar və ştat sistemləri tətbiq ediləcək: “Yeni struktur modelinə görə, imtahanlarda uğurlu nəticə əldə edən müəllimlər üçün mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Bu statusu qazanan müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar. Uğur qazanan digər qrup isə əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllimlər kimi fəaliyyətini davam etdirəcək. İmtahan mərhələsində uğursuz nəticə göstərənlərə gəldikdə isə, rəsmi qrafik onların "köməkçi müəllimlər" statusuna keçiriləcəyini və ya əmək müqavilələrinə tamamilə xitam veriləcəyini tənzimləyir”.
Ekspertlər isə xatırladır ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində müsabiqə iştirakçılarına hər biri 1 balla qiymətləndirilən 60 sual ünvanlanır ki, onların böyük əksəriyyəti - 50 sual-uyğun fənn proqramına aid olur. Yalnız 10 sual təlim strategiyaları, tədris metodikası, psixoloji bacarıqları özündə ehtiva etməkdədir. Təhsilverənin peşə yararlılığını müəyyən etməkdən ötrü onun metodiki və psixoloji bacarıqları da önəmli rol oynayır. Test imtahanı mərhələsində suallararası balanssızlıq bu göstəricilər arasında məntiqi əlaqəni pozur. Sualların verilmə texnologiyaları əsasən uyğun fənn proqramlarına aid əzbərçiliyə yönələn faktoloji bilgilər tələb etməkdədir.
Tahir TAĞIYEV