Bu gün saat 12:00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi üzrə konfrans keçiriləcək. Konfrans Nizami Kino Mərkəzində baş tutacaq. AKİ-nin sədr postuna Şəfiqə Məmmədova ilə yanaşı Xalq artisti, professor Həmidə Ömərovanın da namizədliyi irəli sürülüb.
Bəzi söyləntilərə görə, Ş.Məmmədovadan çox H.Ömərovanın sədr olmaq şansı var.
Tanınmış kinoşünas Aydın Kazımzadə baki-xeber.com-a açıqlamasında bildirdi ki, o da konfransa qatılacaq və Ş.Məmmədovanın sədr olması üçün səs verəcək.
“Sərdlik postu Həmidə Ömərovalıq deyil. Şəxsən mənim namizədim Şəfiqə Məmmədovadır. O, otruşmuş adamdır və idarəçiliyin nə olduğunu bilir.
Həmidə xanım ora sədr olarsa, öz yaradıcılığı batar. O, yeni filmlərə, seriallara çəkilməlidir, öz yaradıcılıq imkanlarından istifadə etməlidir.
Hazırda orada vəziyyət çox pisdir. Şəfiqə xanım zir-zibilləri təmizləyir. Azərbaycan Kinematoqrafçılar İttifaqında Hesablama Palatasının üzə çıxardığı iyrənclikləri, korrupsiya faktlarından xəbəriniz var? Orada nə oyunlar oynanıb bilirsiz?”
A.Kazımzadə qeyd etdi ki, indiyə qədər AKİ-də baş verən çirkin oyunları yalnız Ş.Məmmədova poza bilər, sədrlik H.Ömərovanın gücü daxilində deyil.
“Mənim namizədim Şəfiqə Məmmədovadır. Düzdür, alternativ namizəd kimi Həmidə xanımı irəli sürüblər. Amma onun sədr seçilmək şansı yüksək deyil. Həmidə xanım sədr olarsa ittifaqın problemlərini həll edə bilməz. Çünki o gücdə deyil. Amma Şəfiqə xanım bu işin öhtəsindən gələ bilər. Mən səsimi ona verəcəyəm. Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür”-deyə A.Kazımzadə qeyd etdi.
İradə SARIYEVA