Kütləvi informasiya vasitələrinin məlumatına görə, Elm və Təhsil Nazirliyi (ETN) Milli Məclisin Elm və Təhsil Komitəsində "Azərbaycan dili", "Ədəbiyyat" və “Xarici dil” fənləri üzrə məktəb dərsliklərinin müzakirəsini planlaşdırır. Bu təşəbbüs də, əvvəlkilər kimi kimi, praktik baxımdan zəif nəticələr verə bilər. ETN-nin belə tədbirlərinin əsas məqsədi real dəyişikliklər yaratmaq yox, iş görüntüsü formalaşdırmaq olur.
Məlumdur ki, dərsliklərin keyfiyyətində xeyli qüsurlar mövcuddur və bu fakt həm təhsil ictimaiyyəti, həm də ETN tərəfindən qəbul olunur. Təbii ki, dərsliklər müzakirəyə çıxarılmalıdır. Lakin bu müzakirələrin Milli Məclisdə deyil, ixtisaslaşmış mühitdə – fənn müəllimləri, filoloq alimlər, metodistlər, müstəqil ekspertlər və AMEA alimlərinin iştirakı ilə aparılmalıdır. Bu halda dərsliklərdəki konkret nöqsanlar aşkarlanar, onların aradan qaldırılması üçün elmi əsaslı təkliflər irəli sürülə bilər.
Milli Məclisdə isə təhsil siyasəti, strateji istiqamətlər, təhsil büdcəsi və onun icrası vəziyyəti, qanunvericilik təşəbbüsləri və ümumi idarəetmə məsələləri müzakirə olunmalıdır. Dərsliklərin məzmunu ilə bağlı detallı müzakirələr qanunverici orqanın funksiyası deyil, müvafiq sahə mütəxəssislərinin fəaliyyət sahəsidir.
Strateji müzakirə mövzuları
ETN-nin Milli Məclisin Elm və Təhsil Komitəsi ilə birgə müzakirələri bu istiqamətlərdə daha məqsədəuyğun olardı:
1. Təhsil strategiyası və siyasəti – ölkə üzrə prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq təcrübə ilə müqayisələr, innovativ proqramların tətbiqi.
2. Qanunvericilik məsələləri – təhsil qanunlarının hazırlanması və təsdiqi, ali təhsil haqqında qanunun illərlə gecikməsinin səbəbləri.
3. Qanunların tətbiqinə nəzarət – milli proqramların və normativlərin icrası, kurikulumların tətbiqi, müəllimlərin ixtisasartırma mexanizmləri, tədris keyfiyyətinin qiymətləndirilməsi.
4. Yeni texnologiyaların inteqrasiyası – distant təhsil, süni intellekt və rəqəmsal platformaların tətbiqi.
5. İdarəetmədə səmərəlilik – mərkəzləşdirilmiş və regional idarəetmənin balansı, RTİ-lərin idarəetmədə yaratdığı problemlərin aradan qaldırılması.
6. Təhsil müəssisələrinin müstəqilliyi – məktəb və universitetlərin idarəetmə muxtariyyəti, təhsil müəssisələrinin PHŞ modellərinin təhsilin gələcəyinə təsiri.
7. Resurs bölgüsü və infrastruktur – təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, regionlar üzrə balansın qorunması.
8. Kadr siyasəti – təhsildə kadr siyasəti, təhsil sistemində qəbul edilən qərarların insan resursları üzərində yaratdığı nəticələrin qiymətləndirilməsi.
Göründüyü kimi, dərsliklərin Milli Məclisdə müzakirəsi qanunverici və prktik fəaliyyət baxımından konkret fayda vermir, bu daha çox formal xarakter daşıyır. Dərsliklərin keyfiyyətinin artırılması yalnız mütəxəssislərin birgə fəaliyyəti ilə mümkündür. Milli Məclisin isə əsas rolu təhsilin ümumi istiqamətlərini, qanunvericilik bazasını və strateji inkişafını müəyyənləşdirməkdir.
Elm və Təhsil Nazirliyi gələcəkdə Milli Məclis səviyyəsində daha səmərəli müzakirələr aparmaq niyyətindədirsə, diqqəti məhz bu strateji mövzulara yönəltməlidir.
Nobel laureatı, professor Əziz Səncərin qeyd etdiyi kimi:
“Sosial inkişafın və tərəqqinin hərəkətverici qüvvəsi, ölkənin ərazi bütövlüyünün və vətənin müdafiəsinin ən təsirli silahı təhsildir. Təhsildəki boşluqlar digər sahələrdəki nailiyyətlərlə kompensasiya edilə bilməz. İlk növbədə təhsil problemləri həll edilməlidir.”
Dosent: İlham Əhmədov