Məhəmməd Əsədullazadə: “Rusiya dəhlizə nəzarət imkanını itirməsini heç cür qəbul etmək istəmir”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində ölkəsinin “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı məsələyə münasibətinə özünəməxsus formada yanaşıb:
“Tramp yolu” adlanan marşrutla bağlı Rusiyanın mövqeyi bu nəqliyyat layihəsinin necə həyata keçiriləcəyi barədə ətraflı məlumat əldə etdikdən sonra formalaşacaq. Bildiyimizə görə, iş yeni başlayır. Yük və sərnişinlərin tranzit rejimləri və hərəkət təhlükəsizliyi ilə bağlı təfərrüatlar razılaşdırılmalıdır. Bölgədə nəqliyyat əlaqələrinin bərpası səyləri ikitərəfli sənədlər əsasında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü, eləcə də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı şəraitin nəzərə alınmasını tələb edəcək. Onu da əlavə etmək istərdim ki, Rusiya tərəfi həm erməni tərəfdaşları, həm digər maraqlı tərəflərlə, həm də İranla bu məsələlərlə bağlı məsləhətləşmələrə açıqdır”.
Səfir onu da bildirib ki, 2020-2022-ci ildə imzalanmış üçtərəfli sazişlər qüvvəsini itirməyib: “Ermənistan-Azərbaycan barışıq prosesinin əsasını ölkəmiz və Prezident Vladimir Putin şəxsən qoyub. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər nəinki yerdə qan tökülməsini dayandırdı, həm də İrəvanla Bakı arasında münasibətlərin normallaşmasının əsas istiqamətlərini müəyyən etdi”.
Bütün bunlar nə deməkdir? Səfir bununla nə demək istəyir?
“Səfir Kopırkin Moskvanın istəklərini dilə gətirir, amma qatar artıq gedib”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya səfirinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri yersizdir: “Görünən odur ki, Rusiya dəhlizə nəzarət imkanını itirməsini heç cür qəbul etmək istəmir. Baxmayaraq ki, 2020-ci ilin 10 noyabrında müharibənin dayandırılması ilə bağlı imzalanan üçtərəfli sazişdə kommunikasiyaların açılması ilə bağlı bənd var idi. O cümlədən, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi ilə bağlı danışıqlar gedirdi. Ancaq Rusiya tərəfi konkret olaraq prosesləri tormozladı. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı konkret addımlar atmadı. Bunun əksinə olaraq, Rusiya sülhməramlıları Qarabağda erməni separatçılarını yenidən dirçəltməyə cəhd göstərdi. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam təmin edəndən sonra Ermənistan birmənalı olaraq üçtərəfli razılaşmanın 9-cu bəndindən imtina etdi. Söhbət Rusiya sərhədçilərinin dəhlizə nəzarətindən gedir. Əslində nəinki Ermənistan, Azərbaycan da maraqlı deyildi ki, dəhlizə Rusiya nəzarət etsin. Çünki Rusiyanın nəzarəti bu ölkələrə yalnız problem vəd edir. Ona görə də 8 avqustda tərəflər Vaşinqtonda anlaşaraq dəhlizə ABŞ-ın nəzarət etməsinə razılıq verdilər. Səfir Kopırkin Moskvanın istəklərini dilə gətirir, amma qatar artıq gedib. Rusiya ilə İranın nə deməsindən asılı olmayaraq, Moskva dəhlizə nəzarət etməyəcək. İranla sərhəddə Rusiya sərhədçilərinin olması nəyisə dəyişməyəcək. O cümlədən, Ermənistanın Avrasiya İqtisadi İttifaqında olması o demək deyil ki, nəzarət prosesinə Rusiya da qoşulmalıdır. 8 avqust razılaşması yeni reallıq yaradıb”.
Vidadi ORDAHALLI