Avropa İttifaqı Rusiya ilə qonşu ölkələrə təkrar ixracın artımını araşdırmağı planlaşdırır. Britaniyanın məşhur “Financial Times” qəzeti yazır ki, təchizatçıların bu yolla sanksiyalardan yayınmağa çalışa biləcəkləri düşünülür.
Məqalədə deyilir ki, Avropa İttifaqından Rusiya ilə qonşu ölkələrə ixracın nəzərəçarpacaq dərəcədə artması suallar doğurur. Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Deyvid O`Sallivan qəzetə deyib ki, bu ölkələrdən sanksiyalanmış malların Moskvaya ötürülməsinin mümkünlüyü öyrənilir: “Biz Avropa Ittifaqından Rusiyaya ticarət axınlarının miqyaslı azaldığını, eyni zamanda, xüsusilə də Rusiyanın bilavasitə yaxınlığında yerləşən üçüncü ölkələrlə ticarətin qeyri-adi canlanmasını görürük”. O`Sallivan qeyd edib ki, təqsirsizlik prezumpsiyası prinsipi ilə hələ ki, Avropa mallarını Rusiyaya təkrar ixrac edən ölkələrin adlarını çəkmir. “Financial Times” qeyd edir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təhlilinə görə, Cənubi Qafqaz ölkələri arasında yalnız Ermənistan Qərb mallarını daha çox Rusiyaya ixrac etməyə başlayıb. Bu artıma bir səbəb də Qərb şirkətlərinin, hətta sanksiyaya düşməyən malları da Rusiyaya ixrac etməkdən çəkinməsi ola bilər. AYİB-in baş iqtisadçısı Beata Yavorçik qeyd edir ki, son vaxtlar Aİ-dən potensial baxımdan sanksiyaya düşə biləcək malların ixracının artması nəzərə çarpır. “Financial Times” yazır ki, Aİ sanksiyalarından yan keçmənin qarşısının alınması üçün Avropa Komissiyası fevralın 22-dən internetə interaktiv platforma buraxıb. Bu platformanın vasitəsilə Rusiya və Belarusa qoyulmuş sanksiyaların pozulması halları barədə anonim şəkildə xəbər vermək mümkündür. Bundan əvvəl Rusiyaya postsovet respublikalarından ixracın artmasına “Euromonitor International” şirkətinin ekspertləri diqqət yetirmişdilər. “Euromonitor International” şirkətinin də istinad etdiyi Avropa Statistika İdarəsi – Avrostatın məlumatına görə, sanksiyaların elan edilməsindən sonra 2022-ci ilin mart-noyabr ayları arasında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Avropadan Rusiyaya ixrac 47 faiz azalaraq 36.3 milyard avro təşkil edib. Amma elə bu müddət ərzində Avropadan Belarus, Ermənistan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrə ixrac 48 faiz artaraq 20.3 milyard avro olub. Qərb mediası bundan əvvəl də Rusiyanın Qərbin sanksiyalarından yan keçməkdə qaçaqmalçılıqdan və keçmiş sovet respublikalarından istifadə etməsi barədə yazmışdı. “Euromonitor” vurğulayır ki, Avropa ölkələrindən keçmiş sovet respublikalarına məhz Rusiyaya ixracı qadağan olunan malların satışı artaraq 95 faiz təşkil edib. Halbuki, bu malların Rusiyaya ixracı 71 faiz düşüb. Məsələn, 2021-ci ildə bu tip malların Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstana ixracının dəyəri cəmi 500 milyon avro idi. Amma 2022-ci ildə bu rəqəm üç dəfə artaraq 1.5 milyard avroya çatıb.
Bundan əvvəl Avropa İttifaqının Şurası Rusiyanın bank, maliyyə və enerji sektorlarına qarşı sanksiyaların 2023-cü ilin iyulunadək uzadılması barədə qərar qəbul edib. Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz təcavüzü başlanandan bəri Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 9 paketini qəbul edib. Bu sanksiyalar 1300 fiziki və 120 hüquqi şəxsi hədəfləyir. Amma Rusiya Ermənistan və bəzi bir sıra ölkələr vasitəsilə Qərb sanksiyalarından yayınmağa çalışır. Xatırladaq ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ən ağır sanksiyalardan biri mikroçiplərin və digər yüksək texnologiyaların satılmasına qoyulan qadağadır. Həmin komponentlər raket, qırıcı təyyarə və ümumilikdə hərbi texnika, silah sistemləri üçün çox vacibdir. Ancaq Rusiyaya qeyd etdiyimiz məhsullar dolayı yolla ixrac edilir. Bununla bağlı bir müddət öncə “Bloomberq” bir araşdırma məqaləsi yayımladı. Məqalədə Ermənistanın Qərb ölkələrindən çoxlu sayda məişət texnikası idxal etdiyi bildirilir. Lakin həmin məhsullar ölkə daxilində satışa çıxarılmır və birbaşa Rusiyaya göndərilir. Rusiyada isə Ermənistandan göndərilən məişət texnikası sökülür, mikroçiplər çıxarılır və Ukraynanın bombalanmasında istifadə edilən sursat hazırlanır. Bununla Ermənistanın əlləri Ukrayna xalqının qanına batır. Qeyd edək ki, 2021-ci ildə Ermənistandan Rusiyaya 710 milyon dollarlıq mal-məhsul ixrac edilib. Ötən il isə sərt sanksiyaların tətbiqinin başlamasından sonra isə Ermənistandan ixrac 2,5 milyard dollara qalxıb. Artımı şərtləndirən səbəblər məhz Qərbdən alınan məhsulların təkrar Rusiyaya göndərilməsidir. 2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələri 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 milyard dollara yaxınlaşıb. Əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, eloktrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb və ya bahalı və yeni avtomobillərə ehtiyat hissəslərinin Ermənsitandan Rusiyaya ixracı 1200% artıb. Bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir. Beləliklə, Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır və Avropa İttifaqı artıq bu xüsusda cəzalandırıcı tədbirlər görməyə hazırlaşır.
Tahir TAĞIYEV