Moskva-İrəvan münasibətlərinin son illərdə sürətlə pisləşməsi özünü getdikcə daha qabarıq formada büruzə verir. Xüsusən də Avropa İttifaqı müşahidə missiyasını ərazisinə gətirməklə Ermənistan Rusiyanı ciddi şəkildə qəzəbləndirib. Moskva bəyan edir ki, mövcud şəraitdə Ermənistan üçün optimal variant Rusiya ilə yaxın münasibətlərin qorunmasıdır. Lakin İrəvan bunlara zidd addımlar atır.
Eyni zamanda, Ermənistan rus hərbi bazalarını ərazisindən çıxarmağı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, ardınca Avrasiya İqtisadi Birliyini tərk etməyi düşünür. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri də buna işarə hesab edilə bilər: O qeyd edir: “Söhbət Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir. KTMT Ermənistanın sərhədlərini tanımır, bu ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət zonaları da yoxdur. Biz bu məsələni qaldırmışıq, lakin hələ də öz həllini tapmayıb. Ümid edirik ki, nə vaxtsa bu məsələnin həll yolu tapılacaq. Bu, sərhədləri tanınmadan mümkün deyil. Nə üçün Ermənistan Alma-Ata bəyannaməsini sərhədlərin demarkasiyası və digər məsələlər üçün əsas kimi qəbul etdi? Həmin sənədə əsasən, keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlət sərhədləri kimi tanınır. Deməli, Ermənistanın sərhədi var, ən azı bir metr deyil, amma bu artıq demarkasiya məsələsidir. Məlumdur ki, Ermənistanın ərazisi 29 min 800 kvadrat kilometrdir. Əgər iradə varsa, onu müdafiə etmək olar. Amma iradənin olmaması bizə Ermənistanı müdafiə etmək imkanı vermir”. Qriqoryan qeyd edib ki, Aİ müşahidəçilərinin sərhədlərin demarkasiyası məsələlərində iştirak etmək mandatı yoxdur, lakin onlar bu məsələdə məsləhət vermək şəklində faydalı ola bilərlər: “Aİ-nin mülki missiyası Ermənistan üçün çox vacibdir. Praqada əldə olunan bütün razılaşmalar yerinə yetirilib. Bölgəyə iki aylıq gələn missiya onu bitirdi, lakin Ermənistan əvvəlki təcrübəni nəzərə alaraq yeni missiya dəvət etdi. Bu, Ermənistanın suveren hüququdur”. Lakin Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edir ki, Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Kremlin açıq narazılığını diqqətə çatdırır: “Biz Avropa İttifaqının mülki missiyasına, təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq”. XİN rəsmisi qeyd edib ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. İndilikdə baş verənlərə görə Rusiya artıq Ermənistana təzyiq kartlarını işə salmağa başlayıb.
Artıq bilindiyi kimi, Rusiyanın Stavropol vilayətində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin bağlanması səbəbindən Ermənistana təbii qaz idxalı xeyli azalıb. "Qazprom Ermənistan" şirkəti bu xüsusda bildirir: “Stavropol diyarında yaranan problem səbəbindən “Şimali Qafqaz - Zaqafqaziya” tranzit magistral qaz kəməri qismən bağlanıb və bununla əlaqədar Ermənistana gündəlik təbii qaz idxalı əhəmiyyətli dərəcədə azalıb”. Məsələyə münasibət bildirən Armen Qriqoryan Ermənistana qaz verilməsinin müvəqqəti dayandırılmasına toxunaraq, Rusiyanın təchizat probleminin texniki xarakter daşıması barədə məlumat verdiyinə aydınlıq gətirib: “Ümid edirəm ki, bu texniki məsələdir. Əgər Ermənistan qaz və ya başqa problemlə üzləşsə, biz həll yollarını axtarıb, alternativ yollar üzərində düşünəcəyik. Ermənistan üçün əsas məsələ öz problemlərini həll etməkdir. Və həll yollarının axtarışı müxtəlif yerlərdə aparılacaq. Problemlər yaranarsa, onların həlli üçün bütün addımları atmağa hazırıq”. “Ermənistan Atom Elektrik Stansiyası” QSC-nin Direktorlar Şurasının sədri Vahram Petrosyan isə qazla bağlı Rusiyanın təzyiq kartını işə saldığını bəyan edir, bildirir ki, məsələ digər istiqamətlər üzrə də özünü göstərəcək: “Gürcüstan və Ermənistanı qidalandıran “Şimali Qafqaz-Cənubi Qafqaz” tranzit magistral qaz kəməri qismən bağlanıb və bu səbəbdən Ermənistana gündəlik idxal olunan təbii qazın həcmi xeyli azalıb. Bu cür pozuntuların dövri xarakter daşıyacağı istisna edilmir. Ermənistanda ölkənin alternativ qaz əldə etmək üçün hansı addımları atmalı olduğu müzakirə olunur. Qaz idxalında problemlər yarananda atom elektrik stansiyasının Ermənistan üçün nə qədər vacib olduğu, nə qədər böyük rol oynadığını anlaşılır, cəmiyyət Ermənistana qaz çıxışının bağlandığını belə hiss etmir. Bu gün Ermənistanın atom elektrik stansiyasının gücü təxminən 450 meqavatdır. Atom elektrik stansiyası olmasa, çox pis olacaq, Ermənistana qazın gəlməsinin qarşısını almaq üçün o vaxtkı kimi qaz kəmərini partladacaqlar. Yaxud qazın verilməsi üçün şərtlər qoyacaqlar və sair. Atom elektrik stansiyası dayanarsa, elektrik generatorunu işə salmalısan, elektrik generatoru isə qazla işləməlidir. O qaz xaricdən gəlir, ona görə də Ermənistana gəlməməsi mümkündür. Əgər qazı açmasanız, kəsir yaranacaq. Ya da qazı İrandan almalıyıq. İrandan qaz alırıq, elektrik yaradırıq və o elektrik enerjisini İrana qaytarırıq”. O, bu vəziyyətdə Ermənistanın çox böyük problemlər yaşayacağını qeyd edib. Rusiyalı hərbi ekspert Pavel Felgenhauer qeyd edir ki, indiki geosiyasi vəziyyətdə Ermənistan getdikcə daha çətin duruma düşür: “İran-Ərəb ölkələri, İran-İsrail, İran-ABŞ, İran-Aİ arasında qarşıdurma getdikcə artır. İndi proseslər böyük regional qarşıdurmaya, İrana qarşı müharibəyə doğru gedir ki, bu da Cənubi Qafqaza yayıla bilər. Ukrayna savaşı, Avropanın enerjiyə ehtiyacı və anti-İran məsələsində Bakı hazırda Qərbin əsas müttəfiqidir. Buna görə də Qərb Ermənistana görə Azərbaycana qarşı addım atmayacaq. Ermənistanda isə vəziyyət fərqlidir. Onun ən yaxın müttəfiqlərindən biri Rusiya, digəri İrandır. Bu o deməkdir ki, Ermənistan ağır vəziyyətdədir. İrəvanın Moskva və Tehranla birbaşa qarşıdurmaya getməsi də mümkün deyil. Əgər sənin belə bir dostların varsa, demək, həddən artıq çox düşmənin var”.
Nahid SALAYEV