Məlum olduğu kimi, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib.
Sözügüdən məhkəmə, əfsuslar olsun ki, Azərbaycanın minalanmış ərazilərlə bağlı iddialarını qəbul etməyib. Məsələ ondadır ki, BMT-nin Ali Məhkəməsinin hakimləri Azərbaycanın Ermənistanın bölgənin Azərbaycan vətəndaşlarının qayıdacağı rayonlarına yerüstü minalar və mina tələlər quraşdırmasına son qoyulması və ya bunun qarşısının alınması haqqında qərar çıxarmaq barədə sorğusunu təmin etməyiblər. Halbuki, 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə mina partlayışları nəticəsində 282 nəfər həlak olub və ya yaralanıb. Onların çoxu mülki şəxslərdir. Üstəlik, verilən mina xəritələri reallığı əks etdirmir. Bundan artıq nə tutarlı sübut olmalıdı ki?
“Təəssüf ki, biz bu məsələlərdə də beynəlxalq aləm tərəfindən zaman-zaman ikibaşlı oyunların oynanıldığını müşahidə edirik”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, məhkəmənin mina ilə bağlı iddiaları görməzdən gəlməsi təəssüf doğurur: “Beynəlxalq instansiyalarda erməni lobbisinin maraqlarına xidmət edənlər var. BMT-nin Ali Məhkəməsinin bu qərarı, əlbəttə ki, narazılıq doğurmaya bilməz. Azərbaycan nəinki 44 günlük müharibədən sonra, eləcə də torpaqları işğal altında qalan müddətdə Ermənistanın çoxsaylı vəhşilikləri ilə üz-üzə qalıb. Təəssüf ki, biz bu məsələlərdə də beynəlxalq aləm tərəfindən zaman-zaman ikibaşlı oyunların oynanıldığını müşahidə edirik. Bu kimi məsələlərdə beynəlxalq təşklatlarda yer almış erməni lobbisinin əlaltıları da öz təsirlərini göstərirlər. Ayrı-ayrı təşkilatlarda, beynəlxalq instansiyalarda erməni lobbisinin dəstəyi ilə yerləşdirilmiş şəxslər var ki, hər hansı anti-Azərbaycan xarakterli qərarların verilməsində canfəşanlıq göstərirlər. Onu da xatırladım ki, bu gün İnsan Haqları Məhkəməsinin tərkibində də bilavasitə erməni millətindən olan hakimin yer alması barədə məlumatlar var. Bu baxımdan, Azərbaycanın iddiasının təmin olunmaması faktı, təəssüf ki, reallaşır. Lakin bu o demək deyil ki, beynəlxalq hüquq bütövlükdə ölkəmizin maraqları əleyhinə işləməlidir. Bu istiqamətdə kifayət qədər işlər aparılır və xüsusilə mina xəritələri, eləcə də 44 günlük müharibədən sonrakı müddətdə ərazilərimizin minalanması məsələlərində müvafiq strukturlarımız, diplomatiyamız öz sözünü deməkdədir. Hazırda da proses davam edir və inanırıq ki, sonrakı dövrlərdə əsl həqiqət və gerçək hüquqi məsələlərə daha müfəssəl baxılacaq”.
Politoloq xatırlatdı ki, Ermənistan torpaqlarımızı işğala məruz qoyduğu 30 il ərzində BMT-nin 4 qətnaməsini icra etməkdən yayınırdı: “Nəticədə Azərbaycan dövləti və xalqı özünün güclü, qüdrətli ordusu ilə işğalda olan ərazilərini düşmən tapdağından azad etdi. Bu gün hər hansı riyakarlıqlara rəğmən, Azərbaycan dövləti torpaqlarını minalardan təmizləyəcək. Paralel olaraq sübut edəcək ki, Ermənistan hələ də revanşizm xisləti ilə öz kirli siyasətini yürütməyə cəhdlər göstərir. Əlbəttə ki, bu dəfə də tam beynəlxalq qanunlardan və hüquqi bazadan yararlanmaqla bizə qarşı atılan addımların qarşısını alacaq. Buna kimsənin şübhəsi olmasın. Bu gün Azərbaycan Cənubi Qafqazda öz sözünü deyən, müstəqil siyasətini həyata keçirən və eyni zamanda, qətiyyəni nümayiş etdirən bir dövlətdir. Hansısa məhkəmənin ədalətli iradlarımıza, iddialarımıza qarşı qərar verməsi heç də erməni maraqlarının təmin olunması kimi anlaşılmamalıdır. Əksinə, bu kimi məsələlər Ermənistanın, eləcə də ona havadarlıq edən təşkilatların nə qədər ucuzluqlara söykənməsinin sübutudur. Ümidvaram ki, qarşıdakı zamanlarda həmin səhvlərin də aradan qaldırılması üçün mütəşəkkil addımlarımız atılacaq və əsl gerçəklikər üzə çıxmaqla qarşı tərəflərin ifşası isbatlanacaq”.
Vidadi ORDAHALLI