Elşən Məmmədov: “Bəlkə mən də başqaları kimi özümü göstərməliydim ki, kimlərinsə gözünə görünüm” “Təəssüflər olsun ki, hazırda kinomuzun hansı səviyyədə olduğunu anlaya bilmirəm”
İndi orta nəsli təmsil edən elə bir kino həvəskarı tapmaq olmaz ki, dövrünün əfsanələrindən biri sayılan, elə bu gün də xatırlanan “Qara volqa” filminə baxmasın. Həqiqətən də dövrünün əfsanəsi idi. Sovet detektiv kinoları arasında özünəməxsus yeri var idi. Görünür, öz dövründə populyar olmaq, sonradan isə bir az unudulmaq, bir çox sovet filmləri kimi, bu kinonun da taleyinə yazılıbmış.
Çoxdandır film televiziyalarımızın ekranlarında görünməsə də, onun istedadlı yaradıcılarından biri olan rejissor Elşən Məmmədov gözlənilmədən üzə çıxdı, özü redaksiyamıza gəlmişdi, özünü təqdim etdi, inanmadıq, ancaq... özü idi. Beləliklə, bu illər ərzində məşhur rejissorun “qeybə” çəkilməyindən başlayan söhbətimiz maraqlı bir müsahibəyə çevrildi...
- Elşən müəllim, hazırda nə işlə məşğulsunuz?
- İndi heç bir fəaliyyətim yoxdur. Ancaq məşğul olmaq istəyirəm. Sözsüz ki, yenidən kinoda çalışmaq istəyindəyəm. Çünki kino adamıyam və kinodan kənarda özümü görə bilmirəm. Bir yerdə dayanmıram, daim axtarışdayam. Açığı, film sifarişçiləri axtarıram ki, heç olmasa bədii film olmasa da, sənədli filmlər çəkim. Bununla bağlı bir neçə klinikaya, şirkətə müraciət etmişəm ki, onlar haqqında sənədli filmlər çəkim. Bilirsiniz ki, işləməsən, qazancın olmasa, yaşamaq mümkünsüzdür. Odur ki, qollarımı çırmalayıb Bakıda fəaliyyət göstərən özəl klinikalara, özəl şirkətlərə gedirəm ki, bəlkə film sifariş edən tapıldı. Lakin təəssüf ki, hələ də mənim təşəbbüsümə, müraciətimə cavab verən yoxdur.
- Peşəkar kinodan nə zaman ayrılmısınız?
- 2002-ci ildən bədii kino sahəsində çalışmıram. Bu dövrdən böyük kinodan uzaqlaşmışam. Düzdür, televiziya sahəsində çalışdım və burada sənədli filmlər işlədim. Ancaq mən peşəkar kino adamı olduğum üçün kinoda özümü daha yaxşı hiss edirdim. Əslində, böyük kinodan könüllü ayrılmamışam. O dövrdə Mədəniyyət Nazirliyi “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlarının ixtisara salınması ilə bağlı qərar verdi. O qərara əsasən, kinostudiyanın ştatda olan rejissorları, operatorları ixtisara salındı. İxtisara düşən peşəkarlar arasında mən də vardım. Bizə dedilər ki, sizinlə əlaqəni kəsmirik və film olanda sizi çağıracağıq, müqavilə əsasında kinoda işləyəcəksiniz. Biz kinostudiyadan ayrıldıq və onlar da heç vaxt vədlərini yerinə yetirmədilər. Demək olar ki, 2002-ci ildən böyük kinoda işləməmişəm. Kinostudiyadan uzaqlaşdırılandan sonra təxminən 5-6 il televiziya sahəsində işlədim və uzun illərdir işsizəm, heç bir fəaliyyətim yoxdur.
- Yəqin bu illərdə itkiləriniz çox olub?
- Bəli, həddindən artıq çox oldu. İşsizlik ancaq bir kino işçisi kimi deyil, bir insan kimi də mənə çətinliklər yaradır. İşləməməyim xeyli problemlər yaradıb. Ailəmi, uşağımı saxlamalıyam, balalarıma gələcək qurmalıyam. Bunlar insan üçün böyük şərtdir. Ancaq təəssüflər olsun ki, mən heç bir iş görə və istəklərimi reallaşdıra bilmirəm. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm ki, bədii kino verə bilmirsinizsə, heç olmasa 2-3 ildən bir dövlət sifarişilə mənə sənədli film verin çəkim. Mənim işləməyə enerjim, potensialım var, onu kinoya xərcləmək istəyirəm. 30 ildir bu sənətdəyəm, 100-ə yaxın sənədli film çəkmişəm. “Qara volqa” filminin quruluşçu rejissoru olmuşam. Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı digər filmlər var ki, o filmlərdə mənim də əməyim, zəhmətim olub.
- Hansı filmlərdə işləmisiniz?
- Rəhmətlik rejissorumuz Ceyhun Mirzəyevin quruluşçu rejissoru olduğu “Fəryad” filmində ikinci rejissor olmuşam. Rəhmətlik Gülbəniz xanım Əzimzadənin “Ümid” filmində onunla bir yerdə işləmişik. Tofiq İsmayılovla çalışmışıq. Arxaya baxanda görürəm ki, kino üçün az iş görməmişəm, bu sahədə mənim də xidmətlərim olub.
- Rejissoru olduğunuz “Qara volqa” filmi Azərbaycan kinosunda dedektiv janrda çəkilən filmdir və ekranlara çıxdığı gündən indiyə qədər də tamaşaçılar üçün marağını itirməyib. Bu filmə müasir gənclər də böyük maraqla baxırlar.
- Mən bu filmi 1993-cü ildə çəkmişəm. O dövrdə dövlət müstəqilliyimiz yeni idi və dövlət kinoya o qədər də maliyyə ayırmırdı. Keçən əsrin 90-cı illərinin əvvəllərində filmlər sponsor maliyyəsi ilə çəkilirdi. “Qara volqa” da sponsor filmidir. Filmlərə sponsorlar maliyyə ayırırdı, ancaq filmi çəkmək üçün mütləq o illərdə kino sahəsinə baxan “Azərvideo” İstehsalat Birliyindən icazə alınırdı. Yəni onda indiki kimi deyildi ki, maliyyə tapdın, filmi icazəsiz çəkəsən. İndi sponsor dəstəyilə film çəkib adını “Azərbaycan kinosu” qoyurlar. Xeyr, belə olmamalıdır. Əvvəl bu məsələ başqa cür tənzimlənirdi. Mən Cəmşid Əmirovun “Qara volqa” əsərini oxumuşdum və kitab məndə böyük təəssürat yaratmışdı və mənə təsir göstərmişdi. Roman xoşuma gəldiyi üçün onun motivləri əsasında “Qara volqa” filmini çəkmək qərarına gəldim. Qeyd edim ki, ssenari müəllifi Nəriman Əbdürrəhmanlıdır. Bu filmi çəkərkən Azərbaycanda indiki Neft Şirkətini əvəz edən Yanacaq Komitəsi vardı, mən bu quruma müraciət etdim. Onlar da böyük məmnuniyyətlə mənə dəstək verib filmə maliyyə ayırdılar. Açığı deyim ki, o dövr kinoya, mədəniyyətə çox böyük hörmət vardı. Biz 1993-cü ilin aprel ayında filmin çəkilişlərinə başladıq və noyabr ayında filmi bitirdik, dekabrda isə indiki Heydər Əliyev Sarayında filmin premyerası keçirildi. Filmin premyerasına dövlət xadimlərini, ziyalıları da dəvət etmişdik. Filmin nümayişi çox böyük uğurla keçdi. “Qara volqa”nın nümayiş hüququnu o vaxt AzTV-yə vermişdik və film Azərbaycan Televiziyası ilə nümayiş olundu. Film ekranlara çıxan gündən böyük maraqla qarşılandı. Biz o filmi Bakının kəndlərində də göstərdik, Bakı kinoteatrlarında da nümayiş etdirdik. O vaxt Bakıda kinoteatrlar çox idi, fəaliyyət göstərirdilər. Ancaq təəssüflər olsun ki, bu gün kinoteatrların sayı azalıb. Filmin nümayişini reklamsız, yalnız afişa vasitəsilə təşkil etdik. İnandırım sizi, camaat axışıb gəlib baxırdı. O filmdə bizim tanınmış aktyorlarımız çəkiliblər. Orada Rasim Balayev, Fuad Poladov, Zərnigar Ağakişiyeva, Nəsibə Eldarova, Naibə Allahverdiyeva, rəhmətlik Nəsir Sadıqzadə, Muxtar Manıyev, Alim Məmmədov və başqa tanınmış aktyorlar çəkiliblər. Bu filmdə çəkilən aktyorların hər biri görkəmli, sevilən sənətkarlardır. O dövr çətinliklərlə dolu idi. Yəni əlaqələr itmişdi, banklar arasında əlaqələr də pozulmuşdu. O vaxt kinolenti Moskvadan alırdıq. Kinolent tapılmırdı, filmi çox böyük əziyyətlə çəkdik. Amma şükürlər olsun ki, o filmi çəkə bildik. Təəssüf ki, kinolent tapa bilmədim ki, “Qara volqa”nın əsl nüsxəsini aşkarlaya bilim. O zaman kinoya böyük diqqət vardı...
- Bu gün deyərdim ki, kinoya dövlət tərəfindən diqqət-qayğı daha yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə kinonun inkişafı ilə bağlı böyük işlər görülür, bu sahəyə maliyyə ayrılır. Bəs bunlar kinoya qayğı deyilmi?
- Mən cənab Prezidentin sərəncamlarını, qayğısını yüksək qiymətləndirirəm. Bilirəm ki, cənab Prezident bu sərəncamları kinonu inkişaf etdirmək, ayağa qaldırmaq üçün imzalayır. O istəyir ki, bizim kino yaşasın. İnkişaf nədir? İnkişaf odur ki, kinoda stabil bir komanda, heyət olsun, texniki baza olsun. Əgər kinostudiyanın texniki bazası, yaradıcı heyəti yoxdursa (peşəkarlar-E.M.), kinoda inkişafdan danışa bilmərəm. Yəni mən bu gün kinostudiyaya gedirəm və dəhlizin bu başından o başına qədər gedirəm, ancaq salam verməyə kimsə tapmıram. Həyatını kinoya həsr edən insanları kinostudiyada görə bilmirəm, onlar buradan uzaqlaşdırılıb. Dünyasını dəyişən dəyişib, qalanlar da mənim kimi fəaliyyətsizdir, işsizdir. Bildiyim qədər, dövlət hər il kino üçün 1 milyon manat pul ayırır, bu, film üçün kifayət etmir. Artıq filmləri kinolentə çəkmirlər, rəqəmsal diskə çəkirlər. Onları qınamıram, çünki kinolenti almaq, lenti aşkarlamaq böyük xərcdir. Tam səmimi olaraq deyərdim ki, bu gün kinomuz özünün arzuolunan həyatını yaşamır. Çox istərdim ki, kinomuz mən gördüyüm səviyyədə olsun.
- Siz kinonu necə görürsünüz, yaxud görmək istəyirsiniz?
- Mən keçən əsrin 70-80-ci illərini demirəm, heç olmasa 90-cı illərdə olduğu səviyyədə olsun. Böyük kinoya 90-cı ildə gəlmişəm. O illər bizim böyük kino xadimlərimiz sağ idi. Tofiq Tağızadə, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev kimi rejissorlarımız yaşayırdılar. Biz onların hamısını görmüşük, onlarla ünsiyyətdə olmuşuq, işləmişik. Çox istəyirəm ki, müasir kinomuz 90-cı illərin əvvəllərindəki səviyyəyə çatsın. Təəssüflər olsun ki, hazırda kinomuzun hansı səviyyədə olduğunu anlaya bilmirəm. Çünki kinoya rəhbərlik edən insanlar kino adamları olmalıdırlar. Bilmirəm bu gün kinoya rəhbərlik edən şəxslər bu sahəyə kinonu sevərək gəliblər, yaxud kinodan qisas almaq məqsədilə gəliblər, ya da kinonu gəlir mənbəyi olaraq nəzərə alıb gəliblər? Deyə bilmərəm, bunu özləri bilər, Allahları bilər. Kinonu sevib yaşatmaq lazımdır. Kino bizim tariximizdir. 1945-ci ildə “Arşın mal alan” filmi çəkilib, bu günə kimi də baxılır. Eləcə də “Fətəli xan” filminə indi də tamaşa edilir. Ancaq kinomuzun bugünkü səviyyəsi məni qane etmir.
- Nədən narazısınız?
- Kino bir fabrikadır. Burada ayrı-ayrı sahələr birləşməklə ortaya film çıxarılır. İndi 3-4 aya filmi çəkib bitirirlər. Bu gülünc məsələdir. Bir filmin çəkilməsi üçün 9 ay, 1 il lazımdır. Onlar 3-4 aya filmi necə çəkirlər? Səviyyə budur. Mən özümü sırf peşəkar rejissor hesab edirəm, çünki kinoda xidmətlərim var.
Dəfələrlə mədəniyyət və turizm naziri ilə, eləcə də onun müavinləri ilə görüşmək istəmişəm. Çox təəssüflər olsun ki, bu alınmır. Səbəbini bilmirəm. Amma çox arzu edərdim ki, məni qəbul etsinlər, mənim deyəcəklərim var.
- Nazirlə görüşümüz baş tutsa nə deməyi düşünürsüz?
- Deyərdim ki, cənab nazir, bizdə turizm sahəsi də, mədəniyyətin digər sahələri də inkişaf edir, kinonun da inkişafına diqqət yetirin. Başqası ilə işim yoxdur, özümdən danışıram. Mən işləmək istəyirəm, 53 yaşım var, kinoda deməyə sözüm var. Mən nazirdən iş istəyirəm ki, mənə iş versin. Bu yaşımdan sonra sənətimi dəyişə bilmərəm. İstəyim odur ki, heç olmasa 2 ildən bir mənə sənədli film versinlər ki, çəkim, yaşayım, işləyim. Kinostudiyanın direktorunun yanına gedirəm, deyir ki, ildə bir film ayrılır, onu da gənclər çəkir. Gənclərin film çəkməsinə razıyam. Gənclər məndən inciməsin. Ali məktəbi bitirib, diplomlarını qoltuqlarına vurub kinostudiyaya gəlirlər ki, mən rejissoram.
- Sizin kimi kənarda qalan rejissorlar çoxdurmu?
- Bəli, çoxdur. Şamil Əliyev var, çox istedadlı sənətkardır.
- “Çölçü” filminin rejissoru...
- Bəli. Ancaq o, illərdir film çəkmir. “Arxada qalan gələcək” filminin rejissoru Rüfət Əsədov da neçə illərdir filmsiz qalıb. Digər rejissorlarımız da həmçinin. Böyük sənətkarımız Həsən Əblucun qızı çox istedadlı xanım Elnaz Əblüc, Aqil, M.Quliyev kimi istedadlı rejissorlar kənarda qalıb. Sağ olsunlar ki, heç olmasa Elxan Cəfərova film verdilər. Elxan Cəfərov özü çox istedadlı rejissordur. Onun çəkdiyi “Dolu” filmi son illər çəkilən filmlər içində ən xoşuma gələn filmdir. Çünki bu filmdə səmimiyyət var. Mənə bəzən deyirlər ki, niyə indiki seriallar zəifdir? Mən də deyirəm ki, istər kino olsun, istər teatr tamaşası, onların bünövrəsində güclü dramaturgiya durmalıdır. “Dolu” filminin ssenari müəllifi Aqil Abbasdır, o tanınmış yazıçıdır. Ancaq inkişafa peşəkarlar təkan verməli olduğu halda, bizlər kənarda qalmışıq. 6-7 ildir işsizəm, çətinliklərim çoxdur. Düzdür yoldaşım yenə işləyir, amma onun maaşı ilə nə etmək olar?
- 90-cı illər kinosu hansı səviyyədə idi ki, siz o illəri qaytarmaq istəyirsiniz?
-1991-ci ildən 1995-ci ilə qədər olan dövr kinomuz üçün ən işgüzar, məhsuldar bir dövr idi. Bu illərdə eyni vaxtda 6-7 film çəkilirdi. Hamısı da sponsor filmi idi. O illərdə “Yük”, “Hacı Qara”, “Güllələnmə təxirə salınır”, “Qara volqa”, “Köpək” filmləri çəkilirdi və hamı işləyirdi. Ölkədə iqtisadi vəziyyətin ağır olduğu, inflyasiya getdiyi, müharibənin bitmədiyi bir dövrdə kino inkişaf edirdi. Sponsorlar tərəddüd etmədən filmlərə pul ayırırdılar. “Bəxt üzüyü” özü də sponsor filmi idi. Bu filmlər ona görə güclü alındı ki, orada sırf peşəkarlar işləyirdilər. 1995-ci ildə dövlət uzun fasilədən sonra ilk dəfə film sifariş verdi. Gülbəniz xanımla biz “Ümid” filmini işlədik. Bundan sonra dövlət sifarişilə filmlər çəkilməyə başladı. Bugünkü filmlərə gəlincə, onların içində çox az film xoşuma gəlir. Bilirsiniz, mənim o qədər problemim, qayğım var ki, gözümü aça bilmirəm. Düşünürəm ki, bu gedişlə kinomuz inkişaf edə bilməyəcək.
- Təklifləriniz nədir?
- Kino məmurları kinoya diqqəti artırsınlar. Kinoda peşəkarlara üstünlük verilsin. Prezident nə lazımdırsa kino üçün edir. Kinonu idarə edən məmurlar var. Bu məmurlar kinoya sevgi ilə yanaşsınlar. Kinoya yeni baxış lazımdır. Azərbaycanın kino sənayesinin inkişafı çox vacibdir. Kino dünyada ən gəlirli sahələrdən biridir. Onu da bildirim ki, kinonun inkişafı üçün beynəlxalq kino festivallarının keçirilməsinə böyük ehtiyac var. Bizdə bu gün kino festivalı keçirilmir. Kino ilə bağlı sözüm çoxdur. Əsas məsələlərdən biri kənarda qalan peşəkarları yenidən kinoya cəlb etməkdir. Bu gün mənə dəstək lazımdır ki, bir film çəkim. O filmi çəksəm, vəziyyətdən çıxaram və ayağa duraram. Lakin o film də yoxdur.
- Elşən müəllim, bu gün Azərbaycanda özəl kino şirkətləri yaranır, onlar da filmlər çəkirlər. Bu filmlər haqqında nə deyə bilərsiz?
- Azərbaycanda prodakşnlar var, amma onlar nə çəkirlər? Bizdə prodüsser institutunun özü formalaşmalıdır ki, prodüsserlər filmlərə maliyyə cəlb edə bilsinlər. O prodakşnlar sponsor tapıb film çəkirlər. Ancaq bu filmlər onlara mənəvi baxımdan çox baha başa gəlir. Sponsor rejissorların işinə çox müdaxilə edir. Deyir pulu mən verirəmsə, filmə filankəsi çək, filankəsi filmdən uzaqlaşdır. Əslində, müdaxilə etməli deyillər. O vaxt isə sponsorlar filmlərə yalnız maliyyə ayırırdı, heç vaxt müdaxilə etmirdilər. Prodüsser institutu olmalıdır ki, onlar kinonu çəkmək üçün maliyyə cəlb etsinlər, sonra o filmin nümayişindən gəlir götürsünlər. Prodüsser institutu formalaşarsa, kino üçün müsbət hal olar. Filmlərin həm Bakıda, həm də bölgələrdə nümayişi təşkil edilməlidir. Mənim Şəki lətifələri motivləri əsasında bir layihəm var, büdcəsi 20 min manatdır, lakin mən onu reallaşdırmağa pul tapa bilmirəm. İnandırım sizi, o layihə reallaşsa, ondan biz gəlir əldə edə bilərik.
- “Qara volqa” filminin rejissoru üçün sonradan kino sahəsində niyə “yaşıl işıq” yandırılmadı?
- Mən onun səbəbini bilmirəm. Amma hesab edirəm ki, bu mənim, bir növ, xarakterimlə də bağlıdır. Qətiyyən özümü gözə soxmağı, irəli atmağı xoşlamıram. Həmişə arxa planda qalıb işimi görmüşəm. Bəlkə mən də başqaları kimi özümü göstərməliydim ki, kimlərinsə gözünə görünüm. Əslində, özünü yada salmalısan ki, mən də varam, yoxsa səni görmürlər.
- Bəs bədii film çəkmək şansınız olsaydı, hansı mövzularda filmlər çəkərdiniz?
- Arzum bu idi ki, Fərman Kərimzadənin “Qarlı aşırım” romanının motivləri əsasında film çəkim. Düzdür, “Qarlı aşırım”ın motivləri əsasında “Axırıncı aşırım” filmi çəkilib. Mən onun ikinci variantını çəkmək niyyətində idim. Çünki birinci filmdə dövrün tələbindən irəli gələn, senzuradan keçə bilməyən məqamların, hadisələrin təhrif edildiyi faktdır. Bir də ən böyük arzum budur ki, “Qaçaq Kərəm” bədii filmini çəkim. Çoxdandır ki, bu mövzunu kinoya gətirmək istəyirəm. “Qaçaq Kərəm” dastanını yaradan Qəmli Hüseyn haqqında sənədli film çəkmişəm. O dastanda və yazıçı Fərman Eyvazlının “Qaçaq Kərəm” əsərində mənim çəkmək niyyətində olduğum filmlə bağlı çoxlu material var. Bu mövzu məni ona görə çəkir ki, burada kişilik, mərdlik, düşmənlərin bir-birinə münasibəti əks olunub. Allah mənə bədii film çəkmək qismət edərsə, bu filmi reallaşdırmaq istəyirəm.
Baki-xeber.com