Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu” adlı kitabı Özbəkistanda nəşr olunub. Daşkənddəki “İjod Press” nəşriyyatında çap olunan kitaba müəllifin eyniadlı povesti, müxtəlif dövrlərdə qələmə aldığı hekayələri daxil edilib. Povest və hekayələri özbək dilinə yazıçı-publisist Rüstəm Cabbarov çevirib.
Qeyd edək ki, “Ölüm yuxusu” müəllifin özbək oxucularına təqdim olunan ilk kitabıdır. Kitaba daxil edilən povest və hekayələr müxtəlif vaxtlarda Özbəkistanda çıxan “Cahan”, “Soqdiana”, “Darakçı”, “Bekajon”, ”7x7” kimi dərgi və qəzetlərdə, habelə Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Ömürdən uzun gecə” adlı antologiyada işıq üzü görüb.
“Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən qəbiristanlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Hadisə və əhvalatların xaos kontekstində təqdimi obrazların daxili-mənəvi dünyasını bütün yönlərilə aşkarlamağa imkan verir. Məzarlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.
Kitaba daxil edilmiş “Səhər dumanı”, “Vətən”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Qütb gecəsi”, “Axşam günəşi”, “Xurmayı saçlar”, “İlğım”, “Xallı”, “İlan əfsanəsi”, “Kül qəfəs” və başqa hekayələr fərqli üslub və yazı tərzi ilə seçilməkdədir. Bütövlükdə, povest və hekayələri birləşdirən ümumi cəhət onların cəmiyyətə hakim olan mənəviyyatsızlaşma, yaddaşsızlaşma, özgələşmə probleminə etiraz ruhu ilə seçilməsidir.
Tanınmış özbək ədəbiyyatşünası Xurşidə Qədirova kitaba yazdığı “Həyat və xəyalət inikası” adlı ön sözdə Vaqif Sultanlının yaradıcılıq yolunu geniş şəkildə təhlil edib, povest və hekayələrin ideya-məzmun və bədii sənətkarlıq özəlliklərini səciyyələndirib.
İradə SARIYEVA