Prezident təqaüdçüsü haqqında “Göy üzündə göz açan adam" toplusu çapdan çıxıb...

img

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlunun 30 illiyi ilə əlaqədar müasirlərinin qələmə aldığı "Göy üzündə göz açan adam" toplusu çapdan çıxıb.

Kitabda Prezident təqaüdçüsünün həyat və yaradıcılığı haqqında sənət adamlarının, həmkarlarının fikirləri yer alıb. Fikir bildirənlər arasında həm yaşlı, həm orta, həm də gənc nəslin nümayəndələri var.

Əməkdar mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abasquluzadə Emil Rasimoğlu poeziyasının fəlsəfi qatlarından, poetik lövhələrin özünəməxsus dəst-xətt cızmasından bəhs edib.

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri Tural Turan və Fuad Cəfərli qələmə aldıqları məqalələrdə şairin yaradıcılığını hərtərəfli təhlil edərək Emil Rasimoğlu yaradıcılığına fərqli poetik pəncərələrdən yanaşıblar.

Gənc yazar Aydan Ay isə Emil Rasimoğlu poeziyasının səmavi qatlarından bəhs edib. Şairi göy üzündə göz açan adam adlandırıb.

Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray isə şairin ədəbi kişiliyi ilə yanaşı, şəxsi keyfiyyətlərindən söz açıb.

Müəlliflər sürreal-dadaist şair Emil Rasimoğlu haqqındakı düşüncələri ilə onun ictimai və poetik portretini cızıblar.

Qeyd edək ki, 30 yaşlı şairin şeirləri mütəmadi olaraq ölkə hüdudlarından kənarda - Rusiya, İran, Özbəkistan mətbuatında dərc olunur.

Emil Rasimoğlu 2019-cu ildə Prezident təqaüdünə və Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb.

Leyla QARAXANLI

Son xəbərlər