Zakir Əhmədov: “Hesab edirəm ki, indiki dövrdə vəziyyətdən çıxmaq üçün ən optimal yol budur”
Ölkə banklarının kredit siyasəti və faizlərin yüksək olması aktual məsələ olaraq qalır. Problem ondadır ki, bankların kreditlər üçün təklif etdikləri faiz dərəcələri yüksəkdir. Baxmayaraq ki, faizlərin aşağı salınması ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə çağırışlar səslənib. Nəzərə almaq lazımdır ki, belə vəziyyət, öz növbəsində, həm problemli kreditlərin həcmini artırır, həm də ümumi iqtisadi inkişafa zərər vurur. O üzdən, sözügedən problemin həlli ilə bağlı müəyyən tədbirlər görülməlidir.
Məsələ ondadır ki, ötən il manat tam üzən məzənnəyə keçdikdən sonra dollar qarşısında 5 faizə yaxın dəyərdən düşdü. Nəticədə isə bank sektorunda baş verən hadisələr fəaliyyətində problemlər olan bir sıra bankların bağlanmasına səbəb oldu və bu proses hələ də davam etməkdədir. Bəzi ekspertlərin fikrincə, bank sektorundakı vəziyyəti yaxşılaşdırmaq üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası qısa müddətdə bankların sağlamlaşdırılması üçün proqram hazırlamalı və bu proqram həyata keçirilməlidir.
Bütün hallarda, bankların yüksək faizlə kredit verməsi ciddi narahatlıq doğurur və millət vəkilləri belə, yaranan vəziyyətlə bağlı öz iradlarını zaman-zaman bəyan edirlər.
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, problemli kreditlərin həcmi təhlükəli həddə çatıb: “Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb. Keçən il isə bu, 1,6 milyard manat idi. Bu həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”.
Maraqlıdır, yaranan vəziyyətdən necə çıxmaq olar, ekspertlər nə təklif edir?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, kreditlərlə bağlı yaranan problemlərin həllini təkcə banklardan gözləmək doğru olmaz: “Müşahidələr göstərir ki, ötən illər ərzində yaranan vəziyyətlə əlaqədar banklar xeyli müştəri itirsələr də, faizləri aşağı salmayıblar. Halbuki, faizlərin yüksək olması bankların da ziyanınadır. Buna rəğmən, bank rəhbərləri kredit faizlərini aşağı salmaqda maraqlı deyil. Çünki hər şey onlardan asılı deyil. O üzdən, bunda ancaq bankları günahlandırmaq doğru deyil. Əvvəlki dövrlərlə müqayisədə bankların ucuz kredit resurslarına çıxış imkanları xeyli çətinləşib. Düzdür, problemli kreditlərin bu həddə gəlib çatmasında bankların da günahı az deyil. Əvvəllər kimə gəldi kreditlərin verilməsi bank sektorunda vəziyyətin bu dərəcədə kritikləşməsinə gətirib çıxarıb. Ona görə də ilk növbədə hökumət bankların ucuz kredit resurslarına çıxışına yardım etməlidir. Eyni zamanda, problemli kreditlərin bir hissəsi Neft Fondunun ehtiyatları hesabına kompensasiya edilə bilər. Hesab edirəm ki, indiki dövrdə vəziyyətdən çıxmaq üçün ən optimal yol budur”.
Vidadi ORDAHALLI