Xəbər verildiyi kimi, DSMF-ə və digər qurumlara birlikdə Biləcəri bələdiyyəsinin 784 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, Əhmədli bələdiyyəsinin 86.200 manat borcu var. Bu siyahını artırmaq da olar.
Maraqlıdır, bələdiyyələrin borcu necə yaranıb?
“Sədr borcu azaltmaq əvəzinə, instansiyalar qarşısında məsələ qaldırmağı deyil, zibil qutularının təkərlərini təmir edib onu da bəh-bəhlə reklam edir”
Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli bildirdi ki, hazırda ümumilikdə bələdiyyələrin DSMF və digər qurumlara yeddi milyon manata yaxın borcu var: “Ümumi borcun 15 faizi adıçəkilən üç bələdiyyənin payına düşür. Onu da xatırladım ki, bu borcun həcmi bir neçə il əvvəl 12 milyon manata yaxın idi. Müvafiq orqanların və təşəbbüskar bələdiyyə sədrlərinin ciddi səyi nəticəsində borcun həcmi 7 milyon manata endirilib. Bələdiyyənin bu qədər borclanmasının əsas günahı heç də bələdiyyə sisteminin qarşılaşdığı problemlərlə bağlı deyil. Söhbət bələdiyyələrin say çoxluğundan da getmir. Hər birimiz bələdiyyələrin qarşılaşdığı problemləri bilir və bu problemlərin həlli ilə bağlı bacardığımız qədər çalışırıq. Söhbət ondan gedir ki, bu borcun silinməsilə bağlı sədrlər niyə yerinə sayırlar. Konkret məsələ bundadır. Niyə bəzi sədrlərə himayədarlıq edən gözü ac məmurlara yerləri göstərilmir?
Əhmədli bələdiyyəsinin bu gün 86.200 manat borcu var. Hazırkı sədr də artıq 15 ildir ki, həmin vəzifəni bir növ “mənimsəyib”. Nə borcu silir, nə də ki, kreslosunu təhvil verir. Xocasən bələdiyyəsinin yeni seçilən sədri Niğar Məmmədova bələdiyyəni 40 min manatlıq borcla qəbul etmiş olsa da, 20 aylıq fəaliyyəti dövründə borcun həcmi 172 min manata çatıb. Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bələdiyyəni 690 min manat borcla qəbul edib. Hazırkı borc isə 784 min manat təşkil edir”.
Ekspertin sözlərinə görə, borcun həcmi azalmaq əvəzinə artır: “Sədr borcu azaltmaq əvəzinə, instansiyalar qarşısında məsələ qaldırmağı deyil, zibil qutularının təkərlərini təmir edib onu da bəh-bəhlə reklam edir. Onu da əlavə edim ki, bu borclar məhz bələdiyyələrə vaxtilə rəhbərlik etmiş sədrlərin məsuliyyətsizliyi, səriştəsizliyi, müticəsinə icra başçının tapşırıq və tövsiyələrini “şövqlə” icra etməsilə bağlı olub. Etiraf etməliyəm ki, borcların bu qədər şişməsində bu rayonlara rəhbərlik etmiş icra başçılarının da günahı az deyil”.
Günel CƏLİLOVA