Mərkəzi Bankın yaydığı məlumatdan belə aydın olur ki, artıq 3 ildir Azərbaycandan kapital axını artan xətt üzrə gedərək 38 faizə çatıb. Hər il daha çox kapital ölkədən çıxarılır.
Təkcə 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 2 milyard 549 milyon 600 min dollar həcmində kapital çıxarılıb. Mərkəzi Bankın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38.3 faiz çoxdur. Ötən ilin yanvar-iyun aylarında Azərbaycandan kapital axınının həcmi 1.8 milyard dollara bərabər olub. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32.1 faiz çoxdur. Bütün bunlar çox ciddi narahatlıq doğurur. Ona görə ki, həmin vəsaitlər ölkədə qalsaydı, ölkə iqtisadiyyatına yatırılsaydı, fabriklər, zavodlar açılsaydı daha faydalı olardı. Nəticədə Azərbaycan iqtisadiyyatının indikindən iki dəfə çox böyüməsinə imkan yaranardı. Ancaq təəssüflər olsun ki, biz bunun əksini müşahidə edirik.
Maraqlıdır, ölkədən kapital axını niyə dayanmaq bilmir, əksinə, proses artan xətt üzrə davam edir?
“Ölkədə investorlar üçün münbit şərait olmadığından, onlar öz sərbəst maliyyə vəsaitlərini ölkədən çıxarırlar”
Sözügedən məsələyə aydınlıq gətirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyevin fikrincə, Azərbaycanda investorlar üçün münbit şərait olmadığından, onlar öz sərbəst maliyyə vəsaitlərini ölkədən çıxarırlar: “Problemin kökündə dayanan amil bununla bağlıdır. Çünki Azərbaycanda biznes, investisiya mühiti gözlənilən səviyyədə olmadığına görə vəsaiti daha uyğun ölkələrə - Gürcüstana, Qazaxıstana, Türkiyəyə və digər dövlətlərə yönəldirlər. Yəni həmin ölkələrdə iş qurmaq istəyirlər. Məsələ ondadır ki, sadalanan ölkələrdə Azərbaycanla müqayisədə biznes qurmaq üçün daha əlverişli şərait mövcuddur. Düzdür, 2015-ci ildən başlayaraq Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra yol xəritələri hazırlandı. Ancaq görünən odur ki, sözügedən tədbirlər tam şəkildə həyata keçirilmir. Həmin tədbirlərlə bərabər gərək ölkədə dərin islahatlar həyata keçiriləydi. Ancaq bunlar olmadığına görə həmin tədbirlər səmərə vermir. Başlıca problem odur ki, mövcud idarəetmə sistemi aparılan islahatlara uyğun gəlmir. Həm böyük şəhərlərdə, həm də regionlarda vəziyyət bu cürdür. Digər tərəfdən, sahibkarlıq fəaliyyətinə təkcə Bakıda yox, paytaxtdan kənardakı regionlarda da müdaxilələr var. Yenə də monopoliyanın müxtəlif formaları azad sahibkarlığın inkişafına mane olmaqdadır. Qanunlara tam şəkildə riayət olunmur. O cümlədən, məhkəmə sistemində qeyri-şəffaflıq, tərəfkeşlik, qərəzli yanaşmalar qalmaqdadır. Bütün bunlar sahibkarlığın inkişafına mənfi təsir göstərir”.
İRÖM direktoru onu da qeyd etdi ki, sadalanan problemlər qaldıqca ölkədən kapital xaricə axmaqda davam edəcək.
Vidadi ORDAHALLI