Dünyada maliyyə bazarlarına nəzarət qurumları COVID-19 pandemiyasının təsirinin öhdəsindən gəlməyə çalışırlar. Son günlər beynəlxalq təşkilatlar böhran səbəbi ilə artan istehlak borcu və maliyyə istehlakçılarına yönəlmiş pandemiya təşvişindən istifadə edən dələduzluq halları ilə bağlı narahatlıqları xüsusilə vurğulayırlar.
Qeyd etdiyimiz kimi, pandemiya bir sıra sahələrə təsir göstərdi. O cümlədən, bank sektoru da pandemiyanın zərər görən sahələrindən biri sayılır. Banklar məlum zərərdən qurtulmaq üçün müxtəlif üsullara əl atdılar. Bəzi banklar dolların alış qiymətini digərləri ilə müqayisədə azaltdılar.
Digər banklarla müqayisədə “Unibank” alış üçün 1 dollar -1,68 AZN kurs qoyub. Satış qiyməti isə dəyişməyib. Yəni 1 dollar – 1,7020 AZN təşkil edir. Nəticədə banklar arasında alış üçün təyin edilən ən aşağı qiymət “Unibank”a məxsusdur.
Maraqlıdır, qeyd etdiyimiz bank dolları nəyə görə ucuz alır?
“...həmin bankın dollara ehtiyacı azdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, hazırda “Unibank”da dollara ehtiyac olmadığı üçün bu valyutanı digər banklarla müqayisədə ucuz qiymətə alır. Lakin bu vəziyyət müvəqqətidir və istənilən an dəyişə bilər: “Banklar məzənnənin istədikləri valyuta ilə alış və satışını həyata keçirə bilərlər. Hər hansı bankın daha aşağı məzənnə ilə dollar almaq istəyi onu göstərir ki, həmin bankın dollara ehtiyacı azdır. Yəni dollara elə də ehtiyacı yoxdur. Ona görə də vətəndaş əlindəki dolları başqa bankda daha baha sata bilər. Mövcud vəziyyət banklar arasında ciddi rəqabətin olmadığını göstərmir. Hazırda “Unibank”a çox dollar lazım deyil. Ancaq sabah bunun əksi ola bilər. Banklararası yalnız cari rəqabət var”.
Günel CƏLİLOVA