Aqrar məhsulların istehsalı üçün nəzərdə tutulan subsidiya qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcək. Belə ki, bəzi fermerlər elektronik kənd təsərrüfatı sistemində bilərəkdən yanlışlığa yol verərək subsidiya almaq istəyirlər.
Bu yolla subsidiya alanlar az deyil. Belə halların qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, subsidiyalardan istifadə edən fermerlərə cərimə tətbiq olunacaq.
Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.
“...verilən subsidiyalardan bəzi hallarda təyinatı üzrə istifadə edilmir”
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirdi ki, aqrar sahənin inkişafı, fermerlərin və təsərrüfat sahiblərinin stimullaşdırılması üçün verilən subsidiyalardan bəzi hallarda təyinatı üzrə istifadə edilmir: “Eyni hallara bağların subsidiyalaşması zamanı da rast gəlinir. İntensiv bağlara verilən məbləğlə adi bağlara verilən məbləğ arasında ciddi fərq var. Bunun da səbəbi dövlətin intensiv bağların salınmasını dəstəkləməsidir. Çünki intensiz bağların məhsulu ixracyönümlüdür. Bəzən fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində adi bağlarını intensiv bağ kimi göstərərək çox subsidiya almağa cəhd göstərirlər”.
V.Hüseynovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra belə neqativ halların qarşısı alınacaq: “Bu günə qədər yanlışlıqlarla bağlı fermerlərə xəbərdarlıq edilirdisə, artıq onlarla bağlı sərt tədbirlər görüləcək. Dəyişikliklərə əsasən, vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq. Fermer yanlış məlumatlar əsasında 500 manat subsidiya alıbsa, bu zaman o, 1000 manatdan 2000 manata qədər cərimə ediləcək. Elektron sistemə daxil edilən məlumatların düzgünlüyünü yoxlamaq üçün davamlı olaraq monitorinqlər aparılacaq”.
Günel CƏLİLOVA