İnşaat materiallarının qiymətində əsl sıçrayış başlayıb…

Ramil Osmanlı: “Qiymət artımları qısamüddətli dövrü əhatə etmir”

img

Azərbaycanda son günlər inşaat materialları kəskin bahalaşıb. Bahalaşma istifadə olunan bütün əsas tikinti materiallarını – qum-çınqıl, şeben, sement, daş, dəmir-armatur, dam örtükləri və taxta məmulatlarını əhatə edir.

Hətta bir sıra tikinti materiallarının qiymətində 2 dəfəyə yaxın, bəzilərində isə 2 dəfədən çox artım müşahidə olunur. Bu isə inşaat sektorunda xərcləri artıraraq növbəti aylarda mənzil bazarında qiymətlərin artacağından xəbər verir.

  • ...işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri məhsullara tələbatı xeyli artırıb”

Əmlak ekspert mərkəzinin sədri Ramil Osmanlı bildirdi ki, tikinti bazarında hər həftə qiymət dəyişikliyi müşahidə olunur: “Qiymət artımlarının bir neçə səbəbi var. Əsas səbəblərdən biri son dövrlər istehlak xidmətlərinin sürətli artımıdır. Bu, heç şübhəsiz, inşaat materialları bazarında da təsirsiz ötüşmür. Dizel yanacağının qiymətindəki artımlar daha çox təsir göstərir. Eyni zamanda, mişar daşı, taxta və dəmir məmulatlarının bahalaşması müşahidə olunur. Mövsümlə əlaqədar baş verən təbii artımlar, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri məhsullara tələbatı xeyli artırıb. Həmin regionlara böyük həcmdə tikinti materialları daşınır və əksəriyyəti yerli bazardan alınır. Bu səbəbdən bazarda hər həftə qiymət artımı baş verir. Taxta məmulatlarının bahalaşması isə emal olunduğu ölkələrdə mövsümlə bağlı artıma görədir. Bu il isə taxta bazarında qiymət artımı daha çox oldu. Hesab edirəm ki, qiymət artımları qısamüddətli dövrü əhatə etmir. Çünki ölkədə tikinti bumu yaşanır və bu, tələbatı daha da artıracaq. Əmlak bazarında da müəyyən artımlar baş verir. Əmlak bazarında artımlar davam edəcək. Bunun əsas səbəbi psixoloji faktorlardır. Yəqin ki, proses artan templə davam edəcək. Payız aylarında isə qiymətlər daha da artacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər