Azərbaycanın əsas qeyri-neft ixrac məhsulu olan pomidorun Rusiya bazarlarına çıxışında ciddi problemlər yaranıb. Səbəb Rusiyanın müvafiq dövlət nəzarəti orqanı – “Rosselxoznadzor”un tətbiq etdiyi məhdudiyyətlərdir. Ötən ilin dekabr ayında təşkilat bəyan edib ki, Azərbaycandan gətirilən pomidor məhsullarının tərkibində insan orqanizmi üçün təhlükəli olan zərərvericilər var.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycandan 201 milyon 353 min dollar dəyərində187 min 539 ton pomidor ixrac edilib. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiya hökuməti ilə apardığı danışıqlar nəticəsində bu günə qədər 131 istehsalçının bu ölkəyə məhsul ixrac etməsinə icazə alınıb. Ancaq qeyd etmək lazımdır ki, bu rəqəm bu sahədə çalışan sahibkarların çox kiçik hissəsini əhatə edir.
Qeyd etdiyimiz kimi, son günlər pomidor və digər meyvə-tərəvəz məhsulunun Rusiya bazarına çıxışında ciddi problem yaranıb. Tonlarla məhsul ya tırlarda, ya anbarda, ya da sahədə yararsız vəziyyətə düşür. Sahibkarlar isə məhsulu paytaxta gətirib satmağın əlverişsiz olduğunu düşünürlər. Onların fikrincə, tələb təkliflə üst-üstə düşmür.
Sahibkarların məlum problemi necə həll olunmalıdır?
“Maşınlar 10 gündən çox müddətə gedib mənzil başına çatır və məhsul xarab olur”
İqtisadçı-ekspert Vahid Məhərrəmov bildirdi ki, ortada süni şəkildə yaradılmış problemlər var. Bu problemlər dərhal aradan qaldırılmalıdır: “İlk növbədə, sərhəddə maşınların saxlanmasının qarşısı alınmalıdır. Məlumdur ki, maşınlar 10 gündən çox müddətə gedib mənzil başına çatır və məhsul xarab olur. Bundan əlavə, orada hər sahibkardan 3 min dollar əlavə vəsait alırlar. Guya məsuliyyəti öz üzərinə götürən bir şirkət var, bu, onlar tərəfindən edilir. Bu problem də dərhal aradan qaldırılmalıdır. Belə olarsa, sahibkarlarımız ziyana məruz qalmazlar”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan hökuməti təcili Rusiya ilə danışığa getməlidir. Təsərrüfat sahiblərinə imkan yaradılmalıdır ki, onlar məhsullarını Rusiyaya ixrac edə bilsinlər. Pomidorun qiyməti 30 qəpiyə düşüb, bundan aşağı qiymət bizim sahibkarlara sərf etmir. Bir manata başa gələn kartofu 30 qəpiyə satmaq o deməkdir ki, məhsul ziyanla başa gəlir. Düzü, onlar məhsulu heç 30 qəpiyə də sata bilmir, 15 qəpiyə təhvil verirlər, satıcı onu 30 qəpiyə satır. Vəziyyətdən çıxmaq üçün təcili şəkildə müəyyən tədbirlər həyata keçirilməlidir”.
Günel CƏLİLOVA