Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir ki, “Bakı Metropoliteni” QSC pandemiyaya görə dövlətdən 28 milyon manat yardım alıb. 2020-ci ildə dövlət büdcəsindən quruma ayrılan subsidiyanın məbləği isə 40 milyon təşkil edib. Eyni qaydada 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsinə əsasən, metropoliten dövlətdən 40 milyon manat subsidiya alıb. Üstəlik, 7 ay metro işləməyib. Ancaq bütün bunlara rəğmən, metropolitenin 9 milyondan çox vergi borcu var.
Məsələ ondadır ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb. Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 10 noyabr 2020-ci il tarixinə qədər 9 milyon 233 min 487 manat vergi borcu var idi. Hazırda isə “Bakı Metropoliteni” QSC-nin vergi borcu bundan da çoxdur və borc artmaqda davam edir. Qeyd edək ki, sözügedən borclar barədə son məlumat 4 may 2021-ci il tarixinə qədər olandır. Həmin tarixdən sonra da borclar azalmayıb.
Maraqlıdır, bir belə yardımların müqabilində metropolitenin borcları niyə artır? Borcun artması nə deməkdir?
Sözügedən məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mövqeyini öyrənməyə çalışsaq da, bu mümkün olmadı.
“Büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bunu bir sıra amillərlə əlaqələndirdi: “Problem ondadır ki, metropolitenin idarəçiliyi səmərəli qurulmur. Praktiki olaraq idarəçilikdə ciddi problemlər var. Bu barədə məndə müəyyən məlumatlar var. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, görülən işlərlə bağlı ciddi şişirtmələr var. Məsələ ondadır ki, büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Digər tərəfdən, metropoliten 7 ay işləməsə də, personalın saxlanması və digər texniki məsələlərlə bağlı müəyyən xərclərə ehtiyac var. Ona görə də büdcədən ayrılan vəsaitlərin bir hissəsi bu xərclərin qarşılanmasına yönəldilir. Bütün hallarda, “Bakı Metropoliteni” QSC-nin borclarının artması anlaşılan deyil. Ona görə də qurumun fəaliyyəti araşdırılmalıdır. Şübhə etmirəm ki, belə bir araşdırma olarsa, o zaman ziyanın haradan qaynaqlanması tam ortaya çıxacaq. O zaman borclanmanın yuxarıda sadaladığım səbəblərlə bağlı olması aydın olacaq. Hesab edirəm ki, ciddi araşdırmaya ehtiyac var”.
Professorun fikrincə, araşdırmaların aparılmasına elə böyük zaman da lazım deyil.
Vidadi ORDAHALLI