Azərbaycan Prezidenti İlham Əliyev dünən 177 ölkədən dövlət və hökumət başçılarının iştirak etdiyi İstanbul Humanitar Sammitində çıxış edib.
Prezidentin çıxışının əsas leytmotivini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və köçkünə çevrilməsi təşkil etsə də, Prezident çıxışında son günlər Azərbaycanın gündəmə gətirdiyi və region ölkələrinə yönəlik təhdidilə bağlı həyəcan təbili çaldığı Ermənistanın "Metsamor” Aton Elektrik Stansiyası ilə bağlı məsələyə də geniş toxunub. Lakin maraqlıdır ki, istər gündəmə gətirildiyi andan ötən müddət ərzində, istərsə də İlham Əliyevin dünya ölkələrinin liderləri qarşısında çıxışından sonra erməni tərəfi bu məsələyə heç bir reaksiya vermir. Adətən, haqlı oldu-olmadı, özü ilə bağlı istənilən məsələyə anında reaksiya verən Ermənistanın bu məsələdə susqunluğu əslində başadüşüləndir. Məsələ burasındadır ki, ermənilərin istənilən haqsız mövqeyini "dəstəklətməyi” bacardığı güclər də "Metsamor” təhlükəsinin real olduğunu anlayır və o üzdən bu məsələdə Ermənistan təklənmiş durumdadır. Üstəlik, Azərbaycanın düşmən ölkənin məhz bu AES-in materialları sayəsində "çirkli bomba” istensalı niyyətlərini ifşa etməsi də onun bu məqsədə doğru "yolunun üzərinə daş qoyub”. Bunun üzərinə ermənilərin Gürcüstan vasitəsilə nüvə qaçaqmalçılığı cəhdlərini də gəlsək, bu susqunluğun arxasındakı çarəsizliyi görmək çətin deyil.
Azərbaycan Prezidentinin bu məsələni Ümumdünya Sammitinin tribunasına çıxarması isə Ermənistana heç də ürəkaçan perspektiv vəd etmir.
Samirə SƏFƏROVA