Dördgünlük müharibədə aldığı onun üçün gözlənilməz zərbənin şokundan indi-indi ayılan Ermənistanda son günlər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi 800 hektarlıq ərazilərimizin geri qaytarılması barədə çağırışlar artır.
İlkin dönəmlərdə, xüsusən Lələ Təpə kimi strateji yüksəkliyin itirilməsinin bu ölkənin prezidenti səviyyəsində pərtlikdən doğan təkəbbürlə "əhəmiyyətsiz” adlandırılmasına baxmayaraq, bu çağırışların hətta son günlər artdığı müşahidə olunur. Bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə deyib ki, həmin əraziləri geri qaytarmaq çətin deyildi, sadəcə daha çox insan itkisinə yol verməməkdən ötrü buna getməyiblər. Yəni bu ölkədə insan amilinə çox yüksək qiymət verilir.
Bu arada isə bəlli olub ki, Ermənistanda hətta ağır xəstələri belə ön cəbhəyə göndərirlər. Bu barədə elə bu ölkənin news.am saytı yazıb. Bu gün sözügedən sayta qoyulan məlumatda bildirilir ki, 10 gün bundan öncə özlərinin atəşkəs pozuntusuna Azərbaycan tərəfinin verdiyi cavab nəticəsində 21 yaşlı əsgər Ovanes Poqosyan yaralanıb. Hospitala çatdırıldıqda isə onun sağlıq durumunda əvvəldən çox ciddi problemləri olduğu halda xidmətə çağırıldığı, hətta ön cəbhəyə göndərildiyi bəlli olub. Belə ki, Poqosyan mədəsində xroniki qastritdən, dalağın böyüməsindən və cinsi orqanlarında olan problemlərdən əziyyət çəkirmiş. İndi onun yaxınları, evdə pəhrizlə yaşadığı halda, belə bir xəstənin deyil orduya çağırılması, hətta atəş altına göndərilməsi üçün hökumətdən hesab tələb edir.
Maraqlıdır, bu günə kimi güvəndiyi Rusiya ilə də aprel müharibəsindən sonra az qala təhdid dilində danışan Ermənistan Azərbaycanla müharibə ritorikası ilə danışarkən bu hərbçilərinəmi güvənir?
Samirə