İstanbulda BMT-nin Ümumdünya Humanitar Sammitində iştirak edən Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Baki-xeber.com-un Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.