Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində iştirak edir.
BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin dəstəyi ilə tarixdə ilk dəfə keçirilən Sammitdə 177 ölkənin nümayəndəsi, 125 dövlət və hökumət başçısı iştirak edir.
Tədbir BMT-nin baş katibi Pan Gi Mun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın giriş nitqləri ilə başlayıb. Sammitdə Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Petro Poroşenko, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Makedoniya Prezidenti George İvanov, Mali Prezidenti İbrahim Bubakar Keyt, Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Niderlandın Baş naziri Mark Ryutte, Livanın Baş naziri Tammam Salam, digər ölkələrin liderləri iştirak edir. Həmçinin, Roma Papası Fransiskin sammit iştirakçılarına video-müraciəti səsləndiriləcək.
Forumun gedişində humanitar yardım tədarüklərinin təşkili məsələlərinin müzakirə ediləcəyi yeddi "dəyirmi masa" iclası, 15 sessiya keçiriləcək.
Sammitə, həmçinin qeyri-hökumət təşkilatları, beynəlxalq humanitar strukturlar, özəl sektorun nümayəndələri dəvət edilib. Forumda ümumilikdə təqribən 6 000 nəfər iştirak edir.
Beynəlxalq humanitar sistemi gücləndirmək məqsədi daşıyan Sammitin keçirilmə məkanı olaraq İstanbulun seçilməsi isə təsadüfi deyil. Bu onunla əlaqədardır ki, Yaxın Şərq böhranı başlayandan bu yana Türkiyə bu bölgədən olan daha çox qaçqına qucaq açıb.
Qeyd edək ki, Sammit başlamazdan öncə tədbirdə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə səhər yeməyi verilib. Səhər yeməyinin ardınca xatirə şəkilləri çəkdirilib və bundan sonra Sammit öz işinə başlayıb.
İki gün davam edəcək tədbir səbəbilə İstanbulun Konqres mərkəzi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Baki-xeber.com