Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən yerli sakinlərin telefonla saytımıza verdiyi xəbərə görə, mayın 20-si günorta saat 16:00 radələrində qəsəbəyə təbii qaz verilişi kəsilib və elə həmin saatdan bu gün səhər saat 8 radələrinə kimi qaz əvəzinə borulara sadəcə hava (!) vurulub.
Əraziyə yaxın yerdə yaşayan əməkdaşımız məlumatı yerində araşdırıb və fakt təsdiqlənib. Sakinlər əvvəlcə bunun bir neçə dəqiqə sürəcəyinə ümid edərək qaz klapanını açıq saxlayıblar, lakin saatlarla bu "vozdux”un bitməsini gözləməli olublar. Təbii ki, bu zaman sayğac da öz işində olaraq sakinlərin karta yüklədiyi pulları "havaya uçurub”. Hazırda qəsəbəyə nəhayət qaz verilsə də, indi də kartı boşalan əhali vay-həşirlə terminallara üz tutub.
İndi əksəriyyətin beynində bir sual dolaşır: görəsən günlərlə (!) insanlara qaz əvəzinə "vozdux” verməklə büdcələrinə ziyan vuran, pullarını "havaya uçuran” bəzi məsuliyyətsiz məmurların özlərini tutduqları kürsüdən nə vaxt "uçuracaqlar” ki, başqalarına da görk olsun?! Haqlıdırlar...
Baki-xeber.com