Artıq mətbuatdan bəlli olduğu kimi, iyunun 24-də Poma Papası II Frensiskin Ermənistana iki günlük səfəri planlaşdırılıb. Təbii, bu səfər, üstəlik belə bir həssas dövrdə erməni tərəfi üçün çox əhəmiyyətlidir və bu ərəfədə onların necə fitnəkarlıqlara əl atacağı gözlənilən idi, lakin bu qədər də yox! Bu həyasız toplumun "yaradıcı” təxəyyülünün həqiqətin sərhədlərini bu qədər aşması heyrət doğurmaya bilmir.
Belə ki, bu gün bu ölkənin saytları prezident dəftərxanasının məlumatına əsasən sözügedən səfərin loqotip və devizinin hazırlandığı barədə məlumat yayıb. Devizdən başlayaraq bildirək ki, bu, iki yerə bölünmüş dairə formasındadır və bir tərəfi sarı, digər tərəfi isə bənövşəyi rəngdədir. Yəni bir tərəf erməni apostol kilsəsini, digəri Poma katolik kilsəsini simvolizə edir. Maraqlı olan isə ermənilərin Ararat adlandırdığı Ağrı dağının loqotipin hər iki tərəfində, kilsələrin fonunda yer almasıdır. Təbii, Papa bunun fərqində olmaya bilər, ancaq bu fonun uzaq məqsəd(lər)ə hesablanmadığına heç bir zəmanət yoxdur. Yəni bir gün ermənilər Vatikanın da əsasının onlar tərəfindən qoyulduğunu iddia etsələr, buna heç kim təəccüb etməməlidir. Ötən illərin təcrübəsi göstərir ki, belə iddiaların əsası zahirən əhəmiyyətsiz görünən, əslində isə çox uzaq məqsədlərə hesablanan bu tip işarələrlə qoyularaq tarixə yamanır. Lakin musiqimizi, mətbəximizi, torpaqlarımızı öz adına çıxarmaqdan ötrü hansı fitnələrə desən əl atan, tarixin üzünə duran bu toplum, görünür, bu dəfə xristian dünyasının əsəblərilə oynamağa qərar verib. Bunu anlamaq üçün səfərin devizinə nəzər salmaq kifayətdir: "İlk xristian dövlətinə səfər”! Yəni bununla bu bədnam toplum demək istəyir ki, nəinki sivilizasiyanın, hətta sonra xristianlığın da əsası...indiki Ermənistanda qoyulub! Sayt elə belə də izah verir – müqəddəs Qriqori (xristianlığın qriqorian qolu onun adı ilə bağlıdır – S.S) 14 il Qəmərlidə (indiki Artaşat) sonradan yerində "Xor Virap” məbədinin tikildiyi həbsxanada bir çuxura atılmış halda qalıb. Sonradan o, "erməni xalqının ilk ruhani lideri” olub və padşah Trdatla birlikdə xristianlığı Ermənistanın dövlət dini elan edib! Diqqət edin: xristianlıq yaranarkən dünyada Ermənistan adlı "dövlət” olub və xristian dünyası onları dinə gətirdiyinə görə məhz ermənilərə minnətdar olmalıdır!
Gülməlidir? Məncə deyil! Heç ağlamalı da deyil! Amma qorxuludur! Çox qorxuludur və bu illəi ərzində bu toplumun arxasında duran xristian dünyası qoynunda ilan bəslədiyinin nəhayət fərqinə varmalıdır. Çünki sabah gec olacaq, çox gec...
Samirə SƏFƏROVA