Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumatda bildirilir ki, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.
"Silk Way" aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
"SilkWay" aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi "SilkWay" aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır.
Bunu baki-xeber.com-a XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür.
Əfqanıstandakı ABŞ rəsmisi isə bildirib ki, qəzaya uğrayan Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb (APA). O qeyd edib ki, təyyarə mayın 18-də yerli vaxtla saat 2:30-da havaya qalxarkən qanadlarından biri uçuş zolağına sürtünüb.
ABŞ rəsmisi əlavə edib ki, "SilkWay” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onun sözlərinə görə, Helmand vilayətindəki Kamp Duayer hərbi aerodromundan qalxarkən təyyarənin göyərtəsində 9 nəfər olub, sağ qalan 2 nəfər tibbi yardım üçün Qəndahar aerodromuna gətirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən isə APA-ya məlumat verilib ki, Birləşmiş Ştatlar "SilkWay” şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək işində kömək edir.
Səfirlikdən bildirilib ki, Birləşmiş Ştatlar ərazidə mümkün olan istənilən köməkliyi göstərəcək.
Səfirlik təyyarənin qəzaya uğraması zamanı həlak olanların ailələrinə başsağlığı da verib.