Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.
Baki-xeber.com bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Xəbərdə o da deyilir ki, dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Erməni saytlarının xəbərinə görə isə, 1996-cı il təvəllüdlü Xaçatur Arutyunyan ölümcül yaralanıb.
Müdafiə Nazirliyi bir daha bildirir ki, baş vermiş və verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.