"Azərbaycan media qanunvericiliyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var”. APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə. Amaşov deyib ki, media qanunvericiliyinə "bloq”, "bloqger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: "Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”.