Britaniya Kral Hərbi-Hava qüvvələrinin "Tayfun” qırııcıları Baltik dənizi üzərində Rusiyanın 3 hərbi nəqliyyat təyyarəsini saxlamaq üçün havaya qaldırılıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə bu gün "Business Insider” xəbər verib. Xəbərə görə, qırıcılar Rusiya təyyarələrini qarşılayaraq müşayiət edib. Britaniya müdafiə naziri Maykl Fellon deyib ki, rus təyyarələri transponderlərini işə salmadığından onların müəyyən edilməsi çətinlik törədib.
"Biz bu Rusiya aqressiyasına dərhal reaksiya verdik və bununla da NATO-nun kollektiv təhlükəsizlik sistemində iştirakımızı nümayiş etdirdik”- deyə nazir bildirib. Lakin o, insidentin baş verdiyi vaxtı dəqiqləşdirməyib.
Qeyd edək ki, "Tayfun” qırıcıları Estoniyanın Emari aviabazasında Baltik hava patrul xidmətinin tərkibində NATO-nun uzunmüddətli əməliyyatlarının yerinə yetirilməsi və Baltika ölkələrinin hava məkanına nəzarətin təmin olunması məqsədilə 2004-cü ildə yerləşdirilib.