Azərbaycan "Eurovision 2016" mahnı müsabiqəsinin canlı efirində işğalçı Dağlıq Qarabağ rejiminin bayrağının dalğalanması ilə bağlı olaraq müsabiqənin təşkilat komitəsinə narazılığını bildirəcək.
Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu məsələ milli təşkilat komitəsi ilə birgə öyrənilir: "Ermənistanın belə təxribatçı hərəkətləri yolverilməzdir. Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz qurumu təşviq və təbliğ etmək məqsədilə qəsdən bu addımlara əl atır".
H. Hacıyev qeyd edib ki, bu cür addımlar "Eurovision" mahnı müsabiqəsinin başlıca prinsipləri ilə ziddiyət təşkil edir.
"Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və "Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib”. Bunu isə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev deyib.
C. Quliyev bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır: "İTV rəhbərliyi Avropa Yayım Birliyindən və "Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər”.
İsveç Krallığı parlamentinin (Riksdaq) Hüquq komitəsinin sədri, Parlamentlərarası Birlikdə (IPU) İsveç nümayəndə heyətinin rəhbəri Anti Avsanın Stokholmda keçirilən "Eurovision-2016” Mahnı Müsabiqəsində separatçı "Dağlıq Qarabağ” rejiminin bayrağının qaldırılmasına kəskin etiraz bildirib. Anti Avsan APA-nın əməkdaşına deyib ki, belə mötəbər musiqi yarışmasında o bayrağın qaldırılması faciəvi səhvdir və onlar üçün arzuolunmazdır. Komitə sədri "Eurovision”un mahnı yarışması olduğunu xatırladıb, əlavə edib ki, burada millətlərarası nifrəti alovlandıracaq addımın atılması tədbirin məramına ziddir: "Təbii ki, burada məsuliyyət yarışmanı keçirənlərin üzərinə düşür, qərarı biz vermirik. Biz sadəcə ev sahibiyik. Bütün hallarda bu addımı pisləyirik və yarışmanın adı, ümumilikdə bizim üçün böyük yanlışlıq adlandırırıq”.