Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunmasının müəyyən olunması faktı ilə əlaqədar Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin bu gün cəbhə bölgəsinə səfəri təşkil olunub.
XİN-in Mətbuat katibi Hikmət Hacıyev Trend-ə bildirib ki, fosfor təyinatlı silah beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır: "Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub...".
Nümayəndə heyətinin tərkibinə Almaniyanın Azərbaycandakı səfirliyinin təmsilçiləri də daxildir.
Qeyd edək ki, Almaniya bu il ATƏT-də sədrlik edir.
Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri Tərtər rayonuna gəliblər.
Hərbi attaşelər rayonun Əskipara kəndində olub və ermənilərin adıçəkilən kəndə kimyəvi tərkibli - ağ fosforlu hərbi sursat atması faktı ilə maraqlanıblar.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri də Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gediblər.
APA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə əraziyə baxış keçirirlər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri monitorinq başa çatandan sonra Tərtər rayonuna gediblər.
Hərbi attaşelər və diplomatlar Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsi ilə bağlı məlumatlandırılıb. Bununla da beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli silahdan istifadə etmə faktı haqqında daha ətraflı məlumat əldə edib.