9 May törənində İrəvandakı Qələbə parkına gələn Rusiyanın bu ölkədəki səfiri ətrafında həmin anlarda qəribə olay yaşanıb.
Baki-xeber.com erməni mediasına istinadən xəbər verir ki, səfir Volınkin parka gəldikdə jurnalistlər onu əhatəyə alıb. Erməni jurnalistlərinin səfirə ilk sualı, təbii ki, son zamanlar bu ölkənin ən yaralı yeri olan RF-nin Azərbaycana silah satması barədə olub. Səfirin sualdan əsəbiləşdiyini bildirən sayt yazır ki, əvvəlcə o, jurnalistlərdən Rusiyanın Azərbaycana silah satmaqda davam etməsilə bağlı dediklərinə sübut istəyib. Qarşı tərəf Rusiya baş naziri Roqozinin mövzu ilə bağlı sözlərini xatırlatdıqda isə səfir deyib ki, Rusiya Azərbaycana olduğu kimi Ermənistana da silah satır. Qəribə olay da elə bundan sonra yaşanıb. Belə ki, səfiri müşayiət edən dipkorpus nümayəndələrindən biri öncə media əhlinin kameraları söndürməsini istəyib. Çəkilmədiyinə əmin olduqdan sonra isə deyib:”Məgər Ermənistan "DQR”-i tanıyıb? Siz "DQR”-i tanımadan Rusiya silahlarının Qarabağa daşınması mümkün deyil”.
Maraqlıdır, bununla rusiyalı diplomat nə demək istəyib? Xüsusən də ona görə maraqlıdır ki, Ermənistanın məhz "tanıya bilərəm" dediyi, əslində arxasında heç bir real nəticənin görünmədiyi "hərbə-zorba taktikası"na keçdiyi ərəfədə bu mövqeyi münaqişənin tənzimlənməsi yönündə 20 ildən çoxdur görəvləndirilən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin diplomatı göstərir...