Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan 6 polis veteranının yaşadığı ünvanlara baş çəkərək onlarla görüşüblər.
Nazirliyin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşlərdə faşizm üzərində tarixi qələbənin qazanılmasında həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından bəhs olunub, məhz Ulu Öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən cəmiyyətin ən dəyərli üzvləri kimi onlara hər cür diqqət və qayğı göstərildiyi vurğulanıb.
Bildirilib ki, onların mənalı həyat yolu və zəngin təcrübəsi yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacaq, vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlıqları, əzmkarlıqları unudulmayacaq.