Azərbaycan Ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil alınmış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb.
APA-nın məlumatına görə, Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Daimi Şuranın 1096 saylı iclasındakı bəyanatında deyilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış hərbçi meyitlərinin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb.
Qeyd edilir ki, cəsədlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib.
"Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalara başlanılıb”, - deyə bəyanatda vurğulanır.
Bəyanatda qeyd edilir ki, Ermənistanın təşəbbüsü ilə genişmiqyaslı hərbi əməliyyatların baş verməsinə səbəb olan təxribatlar sülh prosesini və Minsk qrupunun rəhbərliyi ilə əldə edilmiş nailiyyətlərin zəiflədilməsinə yönəlib. Ermənistanın nəzarət etdiyi təmas xəttindən fərqli olaraq bizim nəzarət etdiyimiz təmas xəttində yaşayış məskənləri, mülki şəxslər Ermənistan tərəfindən atəşə məruz qalıblar. Təxribatın qarşısını almaq və mülki vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri effektiv əks tədbirlər görüb.
Bildirilir ki, Azərbaycan tərəfi Rusiyanın atəşkəsin bərpa olunması istiqamətindəki səylərini dəstəkləyir: "Biz ATƏT-ə üzv dövlətləri və Minsk qrupunu Ermənistanın atəşkəsə əməl etməsi üçün ona müraciət etməyə çağırırıq. Çünki biz Ermənistanın konstruktiv danışıqlara başlamaq əvəzinə öz qoşunlarını yenidən hazırlıq vəziyyətinə gətirərək itirdiyi mövqeləri geri qaytarmağa çalışdığını müşahidə edirik. Azərbaycan dəfələrlə həmsədr ölkələrin prezidentləri tərəfindən verilən, "status-kvo”nun qəbuledilməz və dayanıqlı olmaması ilə bağlı bəyanatlarını səsləndirib”.
O da qeyd edilib ki, Azərbaycan ərazilərinin davamlı işğalı zorakılığın baş qaldırmasının əsas mənbəyidir: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər iki tərəfi münaqişənin həlli istiqamətində danışıqlara başlamaqla bağlı çağırışını dəstəkləyir. Biz bu günədək hazırlanmış və münaqişənin siyasi yolla həllinə yönələn elementlər əsasında effektiv danışıqlara hazırıq”, - deyə bəyanatda qeyd edilib.