Vaşınqtonda "Suriya və Cənubi Qafqaz” mövzusunda müzakirələr keçirilib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, müzakirələr "Suriya və Cənubi Qafqaz: Türkiyə və NATO qarşısında artan təhdid” adı altında təşkil olunub.
Amerikanın "İrs” Fondu tərəfindən keçirilən tədbirin iştirakçıları ABŞ-ın regionda aktivləşməsinin zəruriliyinə və "Rusiyanın nüfuzunu dünyaya yayma cəhdini” neytrallaşdırmalı olduğuna diqqət çəkib. Fondun Rusiya və Avrasiya problemləri üzrə aparıcı eksperti Ariel Koen bildirib ki, Ağ Ev Yaxın Şərqi "sabitsizliyin qarışıq zonası” kimi qəbul edir və Obama bu sabitsizliyə qarışmaq istəmir. Lakin o qeyd edib ki, ABŞ Cənubi Qafqaza da gərəkən diqqəti göstərmir.
"Rusiyanın istər Suriyada, istərsə də Cənubi Qafqazda aqressiv siyasət yürütdüyü dövrlərdə Vaşınqtonun fəaliyyəti sözdən o tərəfə keçmir, bu isə ABŞ-ın maraqlarına uyğun deyil”- o bildirib. Ekspert əmindir ki, ABŞ hər iki regionda "cavabdehliyi əlinə almalıdır”. Moskvanın Türkiyə ilə münasibətlərinə də toxunan siyasətçi birincinin reaksiyasını "həddən artıq sərt” adlandırıb.
Tədbir iştirakçıları onu da bildiriblər ki, Rusiyanın Gürcüstanda, Ukraynada və Suriyada fəaliyyəti NATO-nun reaksiyasını yoxlamaq üçün bir test olub. İştirakçıların fikrincə, ABŞ həm Yaxın Şərqdə, həm də Qafqazda təşəbbüsü ələ almalıdır.