Ermənistan prezidenti Serj Sarkisyanın eks-prezident Levon Ter-Petrosyanla görüşdüyü barədə xəbər yayılıb. Xəbərə görə, görüş ikincinin təşəbbüsü ilə onun öz iqamətgahında baş tutub.
Hazırkı prezidentin özündən əvvəlkinin çağırışı ilə onun ayağına getməsinin əsaslı bir səbəbi olduğuna toxunmazdan öncə onu xatırladaq ki, 1997-ci ildə məhz Köçəryanla Sarkisyan birləşərək Ter-Petrosyanı hakimiyyətdən devirdilər. Ter-Petrosyan o zaman "Müharibə və sülh” adlı sensasiyalı bir məqalə yazmışdı. Məqalədə deyilirdi ki, Ermənistan güzəştə getməlidir, çünki torpaqları əlində saxlaya bilməyəcək. Bildirirdi ki, nə dünya dövlətləri buna dözər, nə də Ermənistanın iqtisadi imkanları bu ərazini əldə saxlamağa yetər. O deyirdi ki, bu gün bizə verilənə qane olmasaq, sabah xahiş etsək də onu bizə verməzlər. Elə bu fikirlərinə görə də onu xəyanətdə suçlayıb hakimiyyətdən devirdilər.
2008-ci ildə isə Ter-Petrosyan az qala Sarkisyanın hakimiyyətə gəlişinin qarşısını almışdı. Xatırlayırsınızsa, o zaman eks-prezident meydana 500 min adam çıxarmışdı. Məhz rusların müdaxiləsindən sonra həmin mitinqi dağıtmaq mümkün oldu.
Bütün bunlardan sonra istər-istəməz sual yaranır: düşmənçilik bu həddə ikən Ter-Petrosyan niyə Sarkisyanla görüşə təşəbbüs edib? Sarkisyan niyə razılaşıb, hətta onun ayağına gedib?
Sizcə də maraqlı deyilmi?
Baki-xeber.com