Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.
Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşüb.
Mehriban Əliyeva şəhid analarına və onların doğmalarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra müqəddəs Qurani Kərimdən ayələr oxunub. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.
Birinci xanım Mehriban Əliyeva son günlərdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini söyləsələr də, şəhidlərimizin hər bir vətəndaş üçün müqəddəs olan Vətən uğrunda öz canlarından keçdiklərini deyiblər. Qeyd edilblər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanırlar. Onlar bildirdilər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə qarşı apardıqları əməliyyatlarda qazanılan zəfərin sevincini yaşadıb. Şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri Azərbaycan Ordusundan yeni qələbə xəbərləri eşitmək arzusunda olduqlarını deyiblər. Azərbaycanın tezliklə işğal altındakı torpaqlarının geri qaytarılacağına əminliklərini ifadə ediblər. Göstərilən diqqət və dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını bildirən şəhid və yaralı hərbçilərimizin ailə üzvləri qüdrətli ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçirdiklərini bildiriblər.